Naxçıvan Dövlət Universitetində Teodar Drayzerin “Dahi” əsərinin müzakirəsi keçirilib
Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında “Kitablardan pıçıltılar” oxu yarışmasınını yekunu olaraq Teodar Drayzerin “Dahi” əsərinin müzakirəsi keçirilib.
Universitet Elmi Kitabxanasının direktoru Fariz Əhmədov ali təhsil ocağında fevral ayının başlanğıcından etibarən başlanan oxu yarışması haqda məlumat verib. Qeyd edilib ki, muxtar respublika və Azərbaycanı da əhatə edən layihə öz iri həcmliliyi ilə seçilib. Belə ki, yarışmada Naxçıvan Dövlət Universitetindən müəllim və tələbələr qatılmaqla bərabər onlayn olaraq Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Naxçıvan Müəllimlər İnstitutundan müəllim və tələbələr, Bakıdan orta məktəb müəllimi, Naxçıvan şəhər 14 nömrəli orta məktəbin şagirdi, Aralıq kənd sahə xəstəxanasının baş həkimi və digər şəxslər iştirak ediblər.
İştirakçılar Amerika yazıçısı Teodor Drayzerin həyat və yaradıcılığından, eləcə də onun “Dahi” romanı haqqında ətraflı danışıblar. Müzakirədə əsər barədə təzadlı fikirlər səsləndirilib.
Çıxışlarda qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə bu romanın oxunması zəruri olan kitablar siyahısına daxil edilməsi gənclərin mənəvi tərbiyəsinə göstərilən diqqət və qayğının daha bir nümunəsidir.
Qeyd edək ki, bir ay davam edən və uğurla yekunlaşan layihənin qalibləri mükafatlandırılacaq. Məlumat üçün onu da bildirək ki, gənclərin mütaliəni bir vərdiş olaraq mənimsəmələri baxımından layihənin gələcəkdə davam etdirilməsi də proqnozlaşdırılır.