Naxçıvan Dövlət Universitetində Texnoparkların təhsildə və iqtisadi inkişafda rolu mövzusunda beynəlxalq simpozium keçirilib

Naxçıvan Dövlət Universitetində Texnoparkların təhsildə və iqtisadi inkişafda rolu mövzusunda beynəlxalq simpozium keçirilib

Naxçıvan Dövlət Universitetinin 55 illiyi münasibətilə ali təhsil ocağında Texnoparkların təhsildə və iqtisadi inkişafda rolu mövzusunda beynəlxalq simpozium keçirilib. Naxçıvan Dövlət Universiteti, İstanbul Texniki Universiteti, Düzce Universitetinin birgə təşkilatçılığı ilə keçirilən simpoziumda çıxış edən universitetin rektoru Elbrus İsayev qonaqları salamlayıb, müasir təhsil sistemi və innovasiyalar sahəsində belə bir simpoziuma ev sahibliyi etməkdən xüsusilə məmnunluğunu ifadə edib. Qeyd edilib ki,  “Yüksək Texnologiyalar Parkı” innovasiyalı iqtisadiyyatın inkişafına, biliklərə əsaslanan iqtisadiyyatın qurulmasına, intellektual biznesin dəstəklənməsinə, iqtisadiyyatımızın və xüsusilə, İKT sektorunun rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə, milli məhsulların dünya bazarlarında layiqli yer tutmasına, xarici investisiyaların cəlb edilməsinə və insan resurslarının inkişafına öz töhfəsini verir. Bildirilib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2011-ci il noyabrın 29-da “Azərbaycan-2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması ilə bağlı verdiyi tarixi sərəncam ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoymasının başlanğıcı olub.  Rektor diqqətə çatdırıb ki, bu konsepsiya ölkə həyatının bütün sahələrində, o cümlədən İnformasiya-Kommunikasiya Texnologiyaları sahəsində inkişaf siyasətinin əsas strateji hədəflərini özündə ehtiva edir. Eyni zamanda Azərbaycanda “Qara qızılın” insan kapitalına çevrilməsi istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Bu baxımdan, “Yüksək Texnologiyalar Parkı”nın əsas məqsədi İKT sektoru üzrə elm və istehsal sahələri arasında bir körpü yaratmaqdır.

Elbrus İsayev vurğulayıb ki, rəhbərlik etdiyi ali təhsil ocağında 2020-ci ildən etibarən Texnologiyalar Parkının təməli qoyulub. Diqqətə çatdırılıb ki, ali təhsil ocağı Texnoparkın yaradılması üçün qardaş Türkiyənin bu sahədə təcrübəsindən yararlanıb. Ölkə Prezidentinin təhsil strategiyası ali təhsil sistemimiz üçün prioritet istiqamətdir –deyən rektor  bunu ali təhsil müəssisələrini inkişaf etdirməyin əsası adlandırıb. Qurulan texnoparkın gələcəkdə ölkəmizdəki ali təhsil müəssisələri ilə, beynəlxalq şirkətlər və xarici universitetlərlə əlaqələr qurulması baxımından mühüm başlanğıc olaraq dəyərləndirilib.

Elbrus İsayev Türkiyənin nüfuzlu universitetləri ilə Texnopark sahəsində qurulan əməkdaşlıq məsələlərindən danışıb və göstərilən dəstəyə görə xüsusilə minnətdarlıq edib.

Simpoziuma onlayn qatılan İstanbul Texniki Universitetinin prorektoru, professor Bülent Güloğlu qeyd edib ki, 250 illik tarixə malik dünyanın mühəndis hazırlayan ilk ali təhsil ocağı  kimi tarixə düşən universitet müasir təhsil sistemi, güclü akademik heyəti ilə Türkiyənin nüfuzlu ali təhsil müəssisələri arasında ön sıralarda dayanıb. Vurğulanıb ki, İstanbul Texniki Universiteti geniş beynəlxalq əlaqələri sayəsində yalnız ölkə daxilində deyil, beynəlxalq mühitdə də qabaqcıl tələbələr yetişdirən dövlət ali məktəbidir. Hazırda bu universitetdə 13 fakültə, fakültələr daxilində 39 bölmə və 6 institut fəaliyyət göstərir. Universitetin nəzdində fəaliyyət göstərən texnoparkların bir çox beynəlxalq mükafatlar qazandığını bildirən prorektor diqqətə çatdırıb ki, texnoparkların ən üstün cəhəti texnologiyanı izləmək və rəqəmsal bilikləri tətbiq etməkdir.

 Simpoziuma Düzce Universitetinin prorektoru, professor İlhan Genç onlayn qoşularaq qeyd edib ki, 2006-cı ildə qurulan və qısa müddətdə böyük akademik uğurlara imza atan Düzce Universiteti keyfiyyətli təhsil və təlim fəaliyyətləri, dəyərli elmi araşdırmalar, sosial məsuliyyət və regional inkişaf sahələrindəki səyləri ilə lider ali təhsil müəssisəsidir.

Simpoziumda onlayn çıxış edən İstanbul Texniki Universiteti Arı Texnologiyalar Parkının müdiri, dosent Deniz Tunçalp vurğulayıb ki, dünyanın ən yaxşı texnoparklarından sayılan ARI Texnopark 2002-ci ildə qurulub. Bildirilib ki, texnopark 300-dən artıq şirkət və 9000-ə yaxın şəxsi heyətlə çalışır. Universitetin nəzdində fəaliyyət göstərən şirkətlər haqda ətraflı məlumat verən Deniz Tunçalp  İTÜ Çekirdek İnkubasiya Mərkəzi barədə danışıb. Diqqətə çatdırılıb ki, dünyanın 35-dən çox ölkəsindən və Türkiyənin hər yerindən 50.000-dən çox müraciət alan İTU Çekirdek  bu günədək 4040-dan çox startap və 9000-dən çox müəssisəyə dəstək verib.

Simpoziumda iştirak edən Düzce Universiteti Texologiyalar Parkının müdiri, dosent Özkan Şahin qeyd edib ki, Times Higher Education sıralamasında ölkə universitetləri sırasında öz birinciliyini qoruyan Düzce Universiteti  Texnoparkı 2010-cu ildə yaradılıb. Qonaq slaydlar vasitəsilə Texnoparklar və onların qurulması ətrafında çıxış edib.

Naxçıvan Dövlət Universiteti Mühasibat uçotu və maliyyə kafedrasının müdiri, professor Teymur Abbasov texnoparkların təhsildə və iqtisadi inkişafda rolundan danışıb.

Simpoziumdan sonra Beynəlxalq münasibətlər və hüquq fakültəsində NDU-nun İqtisadiyyat və idaretmə fakültəsinin dekanı Əşrəf Ələkbərov bilik iqtisadiyyatının insan kapitalının formalaşdırılmasının əsas məsələlərdən biri hesab edərək müasir dövrdə bu istiqamətdə ölkəmizdə həyata keçirilən islahatlar barədə məlumat verib.

Düzce Universiteti Texologiyalar Parkının müdiri, dosent Özkan Şahin, Düzce Universiteti Texnologiyalar Parkının biznesin inkişafı üzrə koordinatoru Ayşe Nur Atakav mövzu ilə əlaqədar çıxış edib, müəllim və tələbələrin suallarını cavablandırıblar. 

Simpoziumda Texnoparkın fəaliyyət istiqamətləri, Texnopark və təhsil, İqtisadi inkişafda texnoparklar, Texnopark və məşğulluq adlanan 4 bölmə iclasında 50-dən çox çıxışlar dinlənilib.

İki gün davam edən simpoziumun bölmə iclaslarının sonunda qonaqlar universitet ərazisini gəzib, tikilməkdə olan Texnopark binasında olublar. Media mərkəzində olan qonaqlar mövcud şəraiti yüksək qiymətləndirərək buradan xoş təəssüratla ayrılıblar.

Leave a Reply

Your email address will not be published.