Naxçıvan Dövlət Universitetində TGT-CUP intellektual oyunlar üzrə çoxnövçülük turnirinin açılış tədbiri keçirilib
Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun dəstəyi, universitetin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə onlayn keçirilən açılış tədbirində giriş sözü ilə universitetin rektoru Elbrus isayev çıxış edərək qeyd edib ki, tələbə təşkilatlarının fəaliyyəti nəticəsində tələbələr respublikada keçirilən intellektual oyunlar, müxtəlif istiqamətli müsabiqələr, beynəlxalq əhəmiyyətli yarışlarda muxtar respublikanı layiqincə təmsil edir və nailiyyət əldə edirlər. Rektor tələbə təşkilatlarının işini yüksək dəyərləndirərək onların təşəbbüsü ilə keçirilən layihələrin və tədbirlərin davamlı hal aldığını diqqətə çatdırıb.
Yeni Azərbaycan Partiyası Universitet Şəhərciyi Ərazi İlk Partiya Təşkilatının sədri Arzu Abdullayevin moderator olduğu onlayn tədbirdə 3 ali və 3 orta ixtisas təhsil müəssisələrinin rektor və direktorlarının iştirak edib. Naxçıvan Müəllimlər İnstitutunun rektoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Azad Novruzov bildirib ki, tələbələrin elmi, mədəni və ictimai fəaliyyətinin dəstəklənməsi və biliklərinin artırılması istiqamətində mütəmadi işlər görülür. Rektor son dövrlərdə ali və orta ixtisas təhsil müəssisələrində tələbələrin intellektual yarışlarda yüksək səviyyədə iştirak etmələrini təqdirəlayiq qiymətləndirib.
Naxçıvan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva bu cür intellektual yarışların əhəmiyyətini vurğulayıb. Diqqətə çatdırılıb ki, gənclər siyasətinin uğurlu davamı olaraq muxtar respublikada təşkil olunan bu kimi yarışlar gənclərin maariflənməsi, dünyagörüşünün artılması baxımından böyük önəm kəsb edir.
Sonra Naxçıvan Dövlət Texniki Kollecinin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Asəf Ruşanov, Naxçıvan Tibb Kollecinin direktoru Sona Məmmədova, Naxçıvan Musiqi Kollecinin direktoru, Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi Məhəbbət Babayeva çıxışları zamanı qeyd ediblər ki, ali və orta ixtisas təhsil müəssisələri arasında keçirilən bu yarışlar tələbələrin komanda halında işləmə bacarığının artırılmasında, biliklərinin möhkəmlənməsində xüsusi rol oynayır.
Daha sonra Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının sədri Əziz Qasımov turnir haqqında məlumat verib. Bildirilib ki, adıçəkilən ali və orta ixtisas təhsil müəssisələrinin hər birindən 8 komanda turnirin I mərhələsində iştirak edəcək. “Nə? Harada? Nə zaman?” və “Xəmsə” milli intellektual oyunu üzrə keçiriləcək yarışlarda hər bir təhsil müəssisəsindən 2 komanda II mərhələyə keçmə haqqı qazanacaq.
Sonra yarışa start verilib. Turnirin I mərhələsində öz bilik və bacarıqlarını sınayan Naxçıvan Dövlət Universitetinin “Paradoks”, “Kranimus”, Naxçıvan Dövlət Texniki Kollecinin “Zirvə”, “Haçadağ”, Naxçıvan Tibb Kollecinin “Həkimlər”, “Naxçıvan”, Naxçıvan Universitetinin “Qartal”, “Yaşma”, Naxçıvan Müəllimlər İnstitutunun “Xudafərin”, “Əlincə”, Naxçıvan Musiqi Kollecinin “Harmoniya”, “Odlar Yurdu” komandaları II mərhələyə keçmə haqqı qazanıblar.