Naxçıvan Dövlət Universitetində Tibb Kolleci kollektivi ilə görüş keçirilib

Naxçıvan Dövlət Universitetində Tibb Kolleci kollektivi ilə görüş keçirilib

Tibb Kollecinin müəllim-tələbə kollektivi Naxçıvan Dövlət Universitetində olub. Universitetinin Tibb fakültəsində kadr hazırlığı vəziyyəti və maddi-texniki baza ilə tanışlıqdan sonra  fakültədə “Naxçıvan Muxtar Respublikasında Tibbi kadr hazırlığında Tibb fakültəsinin və Tibb Kollecinin rolu” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev ixtisaslı kadrların hazırlanması üçün ilk dəfə keçirilən görüşün əhəmiyyətindən söz açaraq bildirib ki, görüşün əsas məqsədi orta ixtisas təhsilini bitirən tələbələrə gələcəkdə ali təhsil seçimi zamanı kömək etməkdir. Qeyd edilib ki, belə görüşlərin keçirilməsi tələbələrdə ali təhsil ocağı haqda geniş təsəvvür yaradır. Vurğulanıb ki, 20 il əvvəl əsası qoyulan fakültənin fəaliyyətinin hal-hazırda günün tələbləri səviyyəsində qurulması məsuliyyətimizi daha da artırır. Rektor həmçinin əlavə edib ki, tələbələrin təcrübə keçməsində Naxçıvan MR Səhiyyə Nazirliyinin tabeliyində olan xəstəxanaların mühüm rolu vardır. Bu da öz növbəsində ixtisaslı tibbi kadrların hazırlanmasına xidmət edir. Tədbirdə eyni zamanda diqqətə çatdırılıb ki, fakültəni bitirən məzunlar  hazırda dünyanın bir çox inkişaf etmiş ölkələrində öz fəaliyyətlərini davam etdirir və muxtar respublikamızı layiqincə təmsil edirlər.

Naxçıvan Muxtar Respublikasının Səhiyyə Naziri Niyazi Novruzov öz çıxışında Naxçıvan səhiyyəsinin inkişafından danışıb. Bildirilib ki, bu gün səhiyyə sahəsinə göstərilən yüksək qayğı nəticəsində muxtar respublikanın şəhər, rayon və kəndlərində ən müasir standartlara cavab verən xəstəxana, həkim-amblutoriyası, feldşer-mama məntəqələri əhaliyə keyfiyyətli tibbi xidməti təmin edir. Bütün bunlarla yanaşı kadr hazırlığı da daim diqqətdə olan məsələlərdəndir. Nazir vurğulayıb ki, bu istiqamətdə aparılan ardıcıl işlər nəticəsində təhsil ocaqları və səhiyyə müəssisələrinin əməkdaşlığı yüksək səviyyədə qurulub.

Tədbirdə Tibb kollecinin direktoru Sona Məmmədova muxtar respublikada orta tibbi kadrların hazırlığında Naxçıvan Tibb Kollecinin rolu mövzusunda çıxış edib, təşkil edilən  görüşün əhəmiyyətdən danışaraq öz minnətdarlığını bildirib.

Fakültənin dekanı, bilogiya üzrə fəlsəfə doktoru Elsevər Əsədov muxtar respublikada tibbi kadrların hazırlığında Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin rolu mövzusunda çıxış edib. Qeyd edilib ki,  fakültədə yaradılan müasir şəritin nəticəsində  hazırda burada 6 ixtisas üzrə kadr hazırlığı aparılır. 2021-2022-ci tədris ili üzrə ilk dəfə olaraq “Hərbi tibb” ixtisası üzrə kadr hazırlığının həyata keçirilməsindən danışan Elsevər Əsədov bildirib ki, bu ixtisas üzrə kadrların hazırlanması gələcəkdə hərbi tibb işçilərinin yetişməsinə öz töhfəsini verəcək.

Tədbirin sonunda fakültə haqqında videoçarxa baxış olub.