Naxçıvan Dövlət Universitetində “Torpaqların münbitliyinin qorunması və bərpası” mövzusunda tədbir keçirilib

Naxçıvan Dövlət Universitetində “Torpaqların münbitliyinin qorunması və bərpası” mövzusunda tədbir keçirilib

Ali təhsil ocağının Memarlıq və mühəndislik fakültəsində  Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı ilə “Torpaqların münbitliyinin qorunması və bərpası” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan universitetin “Meliorasiya və geodeziya” kafedrasının müdiri, memarlıq üzrə fəlsəfə doktoru, dosent Qadir Əliyev qeyd edib ki, hamilik çərçivəsində keçirilən görüşlər universitetdə artıq ənənə halını alıb.

Su ehtiyatlarından istifadə şöbəsinin müdiri Səttar Nəsirov “Torpaqların münbitliyinin qorunması və bərpası sahəsində həyata keçirilən tədbirlərin əhəmiyyəti” haqda çıxış edib. Qeyd olunub ki, muxtar respublika kənd təsərrüfatının inkişaf etdirilməsinin əsas yollarından biri də suvarma məsələləridir. Sudan düzgün, səmərəli və qənaətlə istifadə olunması günün əsas tələbidir. Diqqətə çatdırılıb ki, bu gün su mənbələrinin istifadəsi, mühafizəsi və bərpası sahəsində bir çox işlər həyata keçirilir, dövlət proqramları hazırlanır. 2012-ci ildən həyata keçirilən “ Naxçıvan Muxtar Respublikasında Selə Qarşı Tədbirlər, Suvarılan  Ərazilərin Modernləşdirilməsi və Genisləndirilməsi” layihəsi çərçivəsində görülən işləri nümunə göstərmək olar.

Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi Sevinc Tağıyeva “Son illərdə muxtar respublikaya və irriqasiya sistemlərinin qurulması və inkişafı” mövzusunda tələbələrə ətraflı məlumat verərək qeyd edib ki, meliorasiya və su təsərrüfatı respublikamızın iqtisadiyyatında, sosial iqtisadi inkişafında, əhalinin ekoloji cəhətdən təmiz və dayanıqlı ərzaq məhsulları ilə etibarlı təminatında mühüm rol oynayır. Həmçinin, bu kimi tədbirlər əhalinin işlə təmin olunması üçün də əlverişlidir. 2021-ci il 13 mart tarixində Ali Məclisi Sədrinin Sərəncamı ilə “2021-2025- ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət proqramı”nın təsdiq edilməsi muxtar respublikada meliorasiya və su təsərrüfatı sahəsinin davamlı inkişafına təminat verir.

Sonra tələbələrin sualları cavablandırılıb və onlara bukletlər paylanılıb.