Naxçıvan Dövlət Universitetində “Turizm Şərq qapısı qəzetinin səhifələrində” və “Bura Naxçıvandır” adlı kitabların təqdimatı keçirilib

Naxçıvan Dövlət Universitetində “Turizm Şərq qapısı qəzetinin səhifələrində” və “Bura Naxçıvandır” adlı kitabların təqdimatı keçirilib

Naxçıvan Dövlət Universitetində İqtisad üzrə fəlsəfə doktoru, dosent Əli Cabbarovun “Turizm Şərq qapısı qəzetinin səhifələrində” və “Bura Naxçıvandır” adlı kitablarının təqdimatı keçirilib. Təqdimatı giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev kitabları Naxçıvan turizm və jurnalistika məktəbinə mühüm töhfə olaraq dəyərləndirib. Qeyd edilib ki, nəşr həm də 100 illik yubileyi qeyd olunan “Şərq qapısı”nın turizm sahəsindəki yığcam hesabatı da sayıla bilər. Rektor müəllifin ali təhsil ocağında müəllim kimi fəaliyyətini də yüksək qiymətləndirərək kitabı bu sahə üzrə təhsil alan Turizm və Jurnalistika ixtisasında təhsil alan tələbələr üçün qiymətli mənbə hesab edib. Rektor yeni nəşrin bu əhəmiyyəti nəzərə alınaraq Universitet Elmi Şurasının 28 oktyabr 2021-ci il tarixli qərarı ilə dərs vəsaiti kimi təsdiq olunduğunu bildirib.

AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Vəli Baxşəliyev bildirib ki, turizmin inkişafı geniş miqyasda onun təbliğindən asılıdır. Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasında turizmin təbliğatında “Şərq qapısı” qəzetinin böyük rolu olub. Tarixi abidələrin turizmdə rolundan bəhs edən Vəli Baxşəliyev vurğulayıb ki, Əli Cabbarov oxucunu yormadan bu kitablarda turizm haqqında geniş məlumat verib.

Sonra Bələdiyyə və turizm kafedrasının müdiri Flora Kərimova çıxışı zamanı qeyd edib ki, “Turizm Şərq qapısı qəzetinin səhifələrində” adlı kitabda qəzetin 1940-cı illərdən başlayaraq bu gün üçün əhəmiyyət daşıyan turizm, tarix, mədəniyyət mövzusundakı yazıları və mühüm siyasi əhəmiyyətli hadisələr haqqındaki rəsmi xəbərlər barədə məlumatlar öz əksini tapıb.

Naxçıvan Muxtar Respublikasının əməkdar jurnalisti, Şərq qapısı qəzetinin İqtisadiyyat və təhlil şöbəsinin müdiri Səbuhi Həsənov müəllifin gərgin və məhsuldar jurnalistlik fəaliyyətinin bəhrəsi olan kitabların turizm sahəsinə xüsusi dəyər qatacağına əminliyini ifadə edib, materialların, janr, mövzu etibarilə qruplaşdırılmasını təqdirəlayiq hesab edib. Qeyd edilib ki, kitab gələcək turizm və jurnalistika tələbələri həmçinin digər oxucular üçün mənbəşünaslıq yolunda uğurlu bir istiqamət ola bilər.

Tədbirdə çıxış edənlər son illər ölkəmizdə turizmin inkişafı naminə görülən işlərdən danışıb və turizm sahəsinə yeni töhfələr verəcək bu nəşrlərin çap edilməsini yüksək qiymətləndiriblər.

Sonda Əli Cabbarov çıxış edərək tədbirdə iştirak edənlərə xoş sözlərinə və təbriklərinə görə minnətdarlığını bildirib.