Naxçıvan Dövlət Universitetində Türk dünyasının oğlu Əhməd Cavad anılıb

Naxçıvan Dövlət Universitetində Türk dünyasının oğlu Əhməd Cavad anılıb

“Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 aprel Sərəncamına müvafiq olaraq ali təhsil müəssisəsində “Əhməd Cavad – 130” mövzusunda Elmi Konfrans keçirilib. Konfransda çıxış edən universitetin rektoru Elbrus İsayev Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış ictimai xadim Əhməd Cavadın azadlığa yol açan, maarifçiliyə işıq tutan ideyaları barədə danışıb. Bildirib ki, istiqlal ədəbiyyatına xidmət edən şairin türkçülüklə, Azərbaycanın müstəqilliyi ilə bağlı əsərləri, dövlət quruculuğu sahəsindəki fəaliyyəti milli nöqteyi-nəzərdən böyük maraq doğurur. Hələ, Gəncə mədrəsəsində oxuduğu illərdən Əhməd Cavadın dünyagörüşünün formalaşmasında turançılıq ideyaları özünü göstərməyə başlayıb. Bu təsir Balkan savaşı və Birinci Dünya müharibəsi illərində  şairin ədəbi-bədii yaradıcılığında aparıcı xətt kimi ümumtürkçülük  fəlsəfəsinə çevrilib. Latın qrafikalı əlifbanı müdafiə edən ilk ziyalılardan olan, Balkan müharibəsində iştirak edən, könüllü əsgər kimi İstanbulun azad olunması uğrunda döyüşən, I Dünya müharibəsində ermənilərə qarşı vuruşan Əhməd Cavad Türkiyə ərazisindəki əsir, qaçqın və köçkünlərə yardım hərəkatının aktiv iştirakçılarından olub. Bakıdakı ”Cəmiyyəti-xeyriyyə” təşkilatının fəal üzvlərindən biri kimi Azərbaycanı müstəqil, doğma xalqını xoşbəxt görmək istəyən Əhməd Cavad haqsız olaraq həbs edilib, dəhşətli işgəncələrə məruz qalıb və 1937-ci il repressiyasının qurbanı olub.

“Əhməd Cavad və ədəbi dilimiz” mövzusunda çıxış edən Azərbaycan dili və ədəbiyyatı kafedrasının professoru Sədaqət Həsənova romantik şairin yaradıcılığının Azərbaycan dilinin inkişafına, lüğət tərkibinin zənginləşdirilməsinə olan xidmətlərindən bəhs edib. Romantik şairin dilində yer alan, XX yüzilliyin əvvəllərinə qədər işlək olduğu halda, yüzilliyin ikinci yarısından etibarən ədəbi dilimizin leksikasını tərk edən “eylik”, “çapa” (kətmən), “qollanmaq” (istifadə etmək) və digər maraqlı leksemlər dilçi alim tərəfindən təhlil olunub. Hər hansı bir söz sənətkarının dialektlərə müraciəti onun danışıq dilinə əsaslanması kimi xarakterizə olunmalıdır. Bu baxımdan, Əhməd Cavadın dil-üslub məziyyətləri ilə Azərbaycan ədəbi dili tarixində həmişə yaşayacağını vurğulayan Sədaqət Həsənova  yaradıcılığı boyu xalqımızın təfəkkür mədəniyyətini əks etdirən şairi ümumxalq dilinə əsaslanan, lakin getdikcə mövzu və anlam bolluğu ilə fərqlənən əsərləri ilə qiymətləndirib.

Əhməd Cavadı “istiqlalın poetik tərənnümçüsü” kimi təsvir edən Azərbaycan dili və ədəbiyyatı kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Seyfəddin Eyvazov bildirib ki, bədiilik elmi olan poetikada deyim mədəniyyəti, obrazlılıq və üslub gözəlliyi əsas məsələlərdəndir. Bədii dildə sözlər poetik mərama xidmət göstərərək mühüm məntiqi-üslubi səciyyə daşıyır. Dilimizin təəssübkeşi kimi Əhməd Cavadın bədii sənətkarlıq keyfiyyətləri zəngindir və onların linqvistik cəhətdən araşdırılması bir sıra poetik dilçilik faktlarının bilinməsinə imkan yaradır.

Konfrans “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə təhsil alan tələbələrin ifasında bədii qiraətin dinlənilməsi ilə başa çatıb.

Leave a Reply

Your email address will not be published.