Naxçıvan Dövlət Universitetində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən Azərbaycan və Türkiyə pediatrlarının Naxçıvan I Pediatriya simpoziumu keçirilib

Naxçıvan Dövlət Universitetində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən Azərbaycan və Türkiyə pediatrlarının Naxçıvan I Pediatriya simpoziumu keçirilib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Pediatriya Cəmiyyəti, Doğu Pediatriya Dərnəyi, Pediatriya Uzmanlıq Akademiyası Dərnəyi və Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən simpoziumdan əvvəl qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, heykəlin önünə gül dəstələri qoyub hörmət və ehtiramlarını bildiriblər. Qonaqlara Heydər Əliyev Muzeyinin zəngin ekspozisiyası barədə geniş məlumat verilib. Muzeydə sərgilənən eksponatlar qonaqlar tərəfindən maraqla qarşılanıb, onların sualları cavablandırılıb.

      Ali təhsil ocağında keçirilən simpozumda Ulu öndərin və vətən uğrunda canını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  Azərbaycan və Türkiyə Universitetlərinin Dövlət Himnləri səsləndirilib. 

      Simpoziumun sədri, Türkiyənin Dicle Universitetinin Tibb fakültəsi Uşaq sağlığı və xəstəlikləri kafedrasının professoru İlyas Yolbaş çıxış edərək Azərbaycan və Türkiyə universitetlərinin birgə əməkdaşlıq məsələlərindən danışıb. Professor artıq iki aydır ki, NDU-nun Tibb fakültəsində tədris prosesində iştirak etdiyini diqqətə çatdırıb. İlyas Yolbaş simpoziumun işinə uğurlar arzulayıb. 

     NDU-nun Elm və innovasiyalar üzrə prorektoru Elsever Əsədov qonaqları salamlayaraq ulu öndərin 100 illik yubileyi çərçivəsində keçirilən simpoziumun ali təhsil ocağının Tibb fakültəsi üçün mühüm əhəmiyyətə malik olduğunu qeyd edib.

     Simpoziumun sədri, NDU Tibb fakültəsinin dekanı, tibb üzrə fəlsəfə doktoru, dosent İlhamə Mustafayeva simpoziumun elmi və ictimai əhəmiyyətini vurğulayıb. Bildirilib ki, simpoziumda edilən çıxışlar, aparılan müzakirələr Tibb fakültəsinin professor-müəllim heyəti üçün öz müsbət təcrübələri ilə yadda qalacaq. 

      Simpoziumda Təşkilat komitəsinin üzvləri Azərbaycan Pediatriya Cəmiyyətinin təsisçisi Erkin Rəhimov, Pediatriya uzmanları Akademiya Dərnəyinin təsisçisi Bumin Dundar, Doğu Pediatriya Dərnəyinin təsisçisi Velat Şenin çıxışları dinlənilib. Qonaqlar universitetin rektoru Elbrus İsayevə simpoziumda göstərdiyi dəstəyə görə plakat və hədiyyə təqdim ediblər.

     Sonra Türkiyədən və Bakıdan gələn həkimlər məruzələr ediblər. 

     Məruzələrdə Uşaqların bəslənməsində vacib məqamlar, Uşaqların müayinəsində EKG dəyərləndirmələr, Yeni doğulmuşlarda daban testi, profilaktik dəmir və D vitamini verilməsi, Uşaqlarda ağciyər X-ray dəyərləndirilməsi, Epilepsiya ilə qarışan xəstəliklər. Nə zaman daha diqqətli olmalıyıq?, Qapımızdakı təhlükə: qızılca, Peyvənd tərəddüdü və peyvəndlə əlaqəli problemlərimiz, Sağlam uşağın izlənməsi və digər mövzular müzakirə edilib. 

     Sonra ali təhsil ocağında ikitərəfli görüş keçirilib. Tədbirdə universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov qonaqları rektor Elbrus İsayev adından salamlayıb. Prorektor  universitetdə tədris olunan ixtisaslar, Tibb fakültəsi barədə ətraflı məlumat verib.

     Pediatriya uzmanları Akademiya Dərnəyinin təsisçisi Bumin Dundar, Doğu Pediatriya Dərnəyinin təsisçisi Velat Şen çıxış edərək gələcəkdə bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

     Azərbaycan Pediatriya Cəmiyyətinin təsisçisi Erkin Rəhimov qeyd edib ki, yeni yaradılan dərnəyin məqsədi ölkəmizdə körpə və uşaq sağlamlığının inkişafına və pediatriyanın irəliləməsinə xidmət etməkdir. Erkin Rəhimov qeyd edib ki, “Bölgələrdə də uşaq səhiyyəsinin inkişafına töhvə vermək məqsədini əlimizdə rəhbər tutaraq dərnəyimizə muxtar respublikadan da həkimləri dəvət edəcəyik”.

      Görüşdə ölkəmizin tibb sahəsində qardaş ölkənin təcrübəsindən faydalanması barədə fikirlər qeyd edilib. Vurğulanıb ki, Tibb sahəsində hər iki ölkənin pediatrlarını bir araya gətirməklə birgə elmi məsələləri müzakirə etməklə bu sahənin inkişafına öz layiqli töhvəmizi verə bilərik.

     Sonda NDU-nun prorektoru Rafiq Rəhimov “Naxçıvan Şərqin əfsanəsi” kitabını qonaqlara hədiyyə edib. 

Leave a Reply

Your email address will not be published.