Naxçıvan Dövlət Universitetində “Ümumi fizika kursu üzrə laboratoriya işlərikompüter modelləri əsasında” adlı dərs vəsaitinin təqdimatı olub

Naxçıvan Dövlət Universitetində “Ümumi fizika kursu üzrə laboratoriya işləri
kompüter modelləri əsasında” adlı dərs vəsaitinin təqdimatı olub

Ali təhsil müəssisəsinin Elmi kitabxanasında Ümumi və nəzəri fizika kafedrasının baş müəllimi Seyfəddin Cəfərov və müəllim Elgün Tağıyevin birlikdə tərtib edikləri “Ümumi fizika kursu üzrə laboratoriya işləri kompüter modelləri əsasında” adlı dərs vəsaitinin təqdimat mərasimi keçirilib.

    Universitetin rektoru Elbrus İsayev qeyd edib ki, kitab Naxçıvan Dövlət Universiteti Elmi Şurasının 29 dekabr 2022-ci il tarixli iclasının qərarı ilə çapa tövsiyyə edilib. Diqqətə çatdırılıb ki, ali və orta məktəblərdə fizika tədrisi prosesində mövzuların mənimsənilməsi, təcrübi bacarıq və vərdişlərin aşılanması məqsədilə aparılacaq nümayişlər, laboratoriya işləri və təcrübələrin aparılması qaydasının vəsaitdə verilməsi təqdirəlayiq haldır. Rektor fakültədə bu cür vəsaitlərin tərtib olunmasının vacibliyini vurğulayaraq, müəllifləri təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

    Ümumi və nəzəri fizika kafedrasının dosenti Xanəli Həsənov çıxışı zamanı bildirib ki, kitabda nəzəri materialın mərhələli mənimsənilməsi konsepsiyasına cavab verən kompüter moddelləşdirmə laboratoriyası işləri göstərilib. Eyni zamanda vəsaitdə laboratoriya fizikası seminarı çərçivəsində kompüter modelləşdirmə laboratoriya işindən istifadə etməklə fiziki-nəzəri modellərin öyrənilməsinin təşkili üçün müxtəlif üsullar ardıcıllığı öz əksini tapıb.

    Kitabın əsasən ali məktəblərin müvafiq fakültələrinin tələbələri və orta məktəb müəllimlərinin istifadəsi üçün nəzərdə tutulduğunu diqqətə çatdıran Elektroenergetika mühəndisliyi kafedrasının müdiri, dosent Şəmsəddin Kazımov fizikanın həm ali, həm də orta məktəblərdə tədrisində laboratoriya işlərinin rolunun əvəzsiz olduğunu deyib. “Bu baxımdan vəsait oxucuların böyük rəğbətini qazanacaq” deyə Şəmsəddin Kazımov vurğulayıb.

    Ümumi və nəzəri fizika kafedrasının dosenti Aygün Sultanova tərtib edilmiş bu dərs vəsaitinə ümumi fizika kursunun “Mexanika”, “Molekulyar fizika və termodinamika”, “Elektrik və maqnetizm”, “Optika”, “Atom və nüvə fizikası” bölmələrini əhatə edən kompüter modelləri əsasında 23 laboratoriya işinin daxil edildiyini bildirib.

    Ümumi və nəzəri fizika kafedrasının müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, baş müəllim Billurə Hacıyeva qeyd edib ki, digər dərs vəsaitlərindən fərqli olaraq bu kitaba ali məktəblərin qeyri-fizika ixtisaslarında tədris olunan ümumi fizika kursunun bütün bölmələrini əhatə edən, tədris proqramına uyğun laboratoriya işləri daxil olunub.

    Sonda müəlliflər çıxış edərək, kitabda sxematik təsvirlərdən, düstur və qrafiklərdən istifadə edildiyini, tövsiyyə olunan ədəbiyyat siyahısına son dövrlərdə çap edilmiş ədəbiyyatların daxil olunduğunu diqqətə çatdırıblar.

 

Leave a Reply

Your email address will not be published.