Naxçıvan Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Bədii yaradıcılıq müsabiqə” festivalı keçirilib

Naxçıvan Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Bədii yaradıcılıq müsabiqə” festivalı keçirilib

Naxçıvan Dövlət Universitetində muxtar respublika ali, orta və ilk peşə ixtisas təhsili müəssisələrinin tələbələri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Bədii yaradıcılıq müsabiqə” festivalının baxış müsabiqəsi keçirilib. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Həmkarlar İttifaqları Konfederasiyası, Naxçıvan Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən müsabiqədə

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Xalq artisti Təranə Muradova, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti Samir Cəfərov, Xalq artisti, xanəndə Gülyanaq Məmmədova münsiflər heyətinin üzvləri kimi Naxçıvan Dövlət Universitetində olublar.

Tədbirdən öncə qonaqlar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, abidə önünə gül qoyaraq Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər. Qonaqlara dahi rəhbərin adını daşıyan muzeyin yaradılması barədə ətraflı məlumat verilərək bildirilib ki, 1999-cu il 10 may tarixindən fəaliyyət göstərən muzey Ümummilli Liderin sağlığında yaradılan ilk muzeydir və hazırda muzey fondunda 5 mindən çox eksponat mühafizə olunur. Qeyd edilib ki, zəngin ekspozisiya zalında görkəmli dövlət xadiminin 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlar, imzalanan protokol və müqavilələr, məktub və teleqramlar, istifadə etdiyi xatirə əşyaları, kitab, qəzet, jurnallar və digər dəyərli eksponatlar sərgilənir.

Ali təhsil ocağının İncəsənət fakültəsində təşkil edilən açılış tədbirindən əvvəl qonaqlar sərgiyə baxıblar. Ümumilikdə 50-yə yaxın rəsm əsərinin, dekorativ tətbiqi sənət, heykəltaraşlıq və tikmə nümunələrinin yer aldığı sərgi qonaqların marağına səbəb olub.

Festivalın baxış müsabiqəsində Azərbaycan Respublikasının Dövlət Himni birgə ifa edilib. Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qonaqları salamlayıb, artıq ikinci dəfədir muxtar respublikada təşkil olunan müsabiqə festivalın əhəmiyyətindən danışıb. Bildirilib ki, tədbir tələbələri milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik zövqünü yüksəltmək, mədəni həyat tərzinin formalaşdırılması işinə kömək göstərmək məqsədi daşıyır. Qeyd edilib ki, bu günkü tədbir incəsənət və mədəniyyətimizin ayrı-ayrı sənət növləri üzrə istedadlı gənclərin üzə çıxarılması, onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək verməkdir.

Tədbirdə onlarla istedadlı tələbə musiqi və rəqs üzrə öz bacarıqlarını nümayiş etdiriblər. İstedadlı tələbələrin təqdim edilən çıxışları münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Müsabiqə-festivalda respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil alan tələbələrdən ibarət özfəaliyyət yaradıcılıq kollektivləri, dərnək və studiyaları, solo ifaçılar, həvəskar müğənni, rəqqaslar, musiqiçilər, həmçinin orkestr və ansambllar, rəqs kollektivləri, müxtəlif musiqi alətlərində ifa edən fərdi ifaçılar çıxış ediblər.

Qeyd edək ki, həmçinin Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsinin Xalq çalğı alətləri kafedrasının “Buta” ansamblı, xarici tələbələrdən ibarət xor kollektivi, Naxçıvan Musiqi Kollecinin “Naxçıvanqala ritm qrupu”nun ifaları tədbiri daha rəngarəng edib.

Məlumat üçün onu da bildirək ki, festival qaliblərinin yekun konserti may ayında Bakı şəhərində keçiriləcək. 

Tədbirdən sonra Azərbaycan Respublikasının Xalq artisti Gülyanaq Məmmədova, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi Arslan Növrəsli tələbələr üçün ustad dərsi keçiblər. Gülyanaq Məmmədova Azərbaycan xalqının qədim, zəngin  və özünəməxsus mədəniyyət incilərindən olan muğam haqda danışıb.   Ustad sənətkarlar tələbələrin milli musiqilərimiz barədə verdiyi sualları cavablandırıblar.

Leave a Reply

Your email address will not be published.