Naxçıvan Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan basketbol turniri uğurla yekunlaşıb

Naxçıvan Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan basketbol turniri uğurla yekunlaşıb

Ali təhsil ocağında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən “Heydər Əliyev kuboku” uğrunda ümumtəhsil müəssisələrinin basketbol idman klubları arasında keçirilən basketbol üzrə Naxçıvan Muxtar Respublika turniri uğurla başa çatıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Naziriliyi, Təhsil Nazirliyi və Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə may ayının 17-si baş tutan turnirin açılış mərasimi keçirilib.

Universitetin tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov qeyd edib ki, ölkəmizdə bütün idman sahələrinin uğurlu inkişafı ilə yanaşı, basketbol idman növünə də xüsusi önəm verilir. Prorektor komandalara uğurlar arzulayaraq, turniri açıq elan edib.

Qeyd edək ki, Beynəlxalq  Basketbol Federasiyasının mövcud qaydalarına, “Olimpiya sistemi”nə uyğun olaraq keçirilən turnirdə 7 komanda iştirak edib. Görüşlərin 1-ci günündə baş tutan gərgin oyunların sonunda Naxçıvan, Ordubad, Şərur və Kəngərli komandaları turnirin final mərhələsində iştirak etmə haqqı qazanıb. Məlumat üçün onu da bildirək ki, oyunlar 10 dəqiqəlik 4 hissədən ibarət olub. Oyun zamanı I və II hissə arasında 2, II və III hissə arasında 15 dəqiqə, III və IV hissə arasında isə 2 dəqiqədən ibarət fasilə verilib.

Final mərhələsində Basketbol Federasiyasının sədri Elbrus İsayev turnirin keçirilməsindəki məqsəd və vəzifələrdən danışıb. Qeyd edilib ki, turnirin əsas məqsədi Azərbaycanın memarı,  ümummili lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünü qeyd etmək, basketbol idman növünün təbliğ edilməsi, ən güclü komanda və idmançıların aşkar edilməsi və Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumtəhsil məktəb şagirdlərinin oğlanlardan ibarət yığma komandasının tərkibinin müəyyən edilməsidir. Universitetin idman sahəsindəki uğurlarından bəhs edən rektor qazanılan nailiyyətlərin ölkədə və muxtar respublikada idmanın inkişafına, gənclərin mənəvi fiziki cəhətdən sağlam yetişməsinə göstərilən diqqət və qayğının nəticəsi kimi qiymətləndirib. Rektor final mərhələsinə keçmə haqqı qazanan komandaları təbrik edərək, turnirin gedişatına uğurlar arzulayıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Ramil Hacı ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər və idman siyasətindən danışıb. Qeyd edilib ki, bu sahədə aparılan məqsədyönlü siyasət nəticəsində ölkəmiz bir sıra idman yeniliklərinə imza atıb, Azərbaycanda böyük idman infrastrukturu yaradılıb, respublikamız dünyada idman ölkəsi kimi tanınmağa başlayıb. Ramil Hacı muxtar respublikada idmanın inkişafına göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını ifadə edib.

Sonra turnirin bədii kompozisiyadan ibarət hissəsinə baxış olub. Qeyd edək ki, universitetin tələbələrdən ibarət rəqs qurupunun müxtəlif rəqsləri, musiqi nömrələri, yallı qrupunun möhtəşəm rəqsi izləyicilər tərəfindən alqışlarla qarşılanıb.

Daha sonra oyunlara start verilib. İlk qarşılaşma Şərur və Kəngərli komandaları arasında baş tutub. 3-lük uğrunda mübarizədə Şərur komandası qalib olub. 1-lik uğrunda mübarizədə isə Naxçıvan və Ordubad komandaları üz üzə gəlib. Qeyd edək ki, komandalar böyük əzmkarlıqla peşəkar oyun nümayiş etdiriblər.

Gərgin oyunların sonunda komanda ilə işləmə bacarığına, hazırlığına və oyun qabiliyyətinə görə fərqlənən Naxçıvan komandası qalib olub.

Sonda qalib komandaya kubok, komandanın üzvlərinə isə diplom və hədiyyələr təqdim olunub. 2-ci və 3-cü yerdə qərarlaşan komandalara diplom və hədiyyələr, komandaların məşqçilərinə diplom, oyunu yüksək peşəkarlıqla idarə etdiklərinə görə isə hakimlərə fəxri fərman təqdim edilib.