Naxçıvan Dövlət Universitetində ümumtəhsil məktəblərinin texnologiya müəllimləri ixtisasartırma kurslarını uğurla başa vurublar
Bu münasibətlə keçirilən tədbirdə çıxış edən universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov ali təhsil ocağında mütəmadi olaraq orta məktəb müəllimləri üçün ixtisasartırma kurslarının təşkil edildiyini qeyd edib. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və universitetin birgə təşkilatçılığı ilə “Texnologiya müəllimliyi” ixtisası üzrə ixtisasartırma kursunun müəllimlər üçün xüsusi əhəmiyyəti var. Vurğulanıb ki, universitetdə “Pedoqoji” fakültənin nəzdində fəaliyyət göstərən “Texnologiya Mərkəzi“ndə yaradılan şərait müəllimlərin təcrübi biliklərinin daha da möhkəmlənməsinə gətirib çıxarır.
Universitetin “Fənlərin tədrisi və metodikası” kafedrasının müdiri, kursun koordinatoru Mətanət Quliyeva vurğulayıb ki, müəllimlərin ixtisas səviyyəsinin yüksəldilməsi diqqət mərkəzində saxlanılır və bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilir. Qeyd edilib ki, görülən işlərin davamı olaraq 5 gün davam edən kursda 15 müəllim hər gün 2 saat olmaqla həvəslə iştirak edərək təcrübi biliklərini artırıblar.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Sahil Əlizadə müəllimlərin peşə biliklərinin artırılmasında göstərilən dəstəyə görə öz minnətdarlığını ifadə edərək, ixtisas müəllimlərinin zamanın tələbinə uyğun olaraq müntəzəm şəkildə təcrübi biliklərinin artırılmasının zəruriliyini vurğulayıb. Qeyd edilib ki, müəllimlərin peşəkar inkişafını təmin etmək məqsədilə ixtisasartırma kursları xüsusi ilə önəmlidir.
Sonra müəllimlər onlar üçün yaradılan şəraitə və mərkəzin müəllimlərinə minnətdarlıqlarını bildiriblər.
Sonda kurs müddətində müəllimlərin “Tikiş texnologiyası”, “Xalçaçılıq texnologiyası”, “Toxuculuq texnologiyası”, “Kulinariya”, “Ağac və metal məmulatlarının hazırlanması texnologiyası” kabinələrində hazırladıqları əl işlərinə baxış olub.