Naxçıvan Dövlət Universitetində “Vərəmum (Propolis) təbii şəfa qaynağı” adlı kitabın təqdimatı keçirilib
Universitetin Elmi Kitabxanasında baş tutan tədbiri giriş sözü ilə açan universitetin elmi katibi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məftun İsmayılov biologiya üzrə fəlsəfə doktoru, dosent Elsevər Əsədov, biologiya üzrə fəlsəfə doktoru Mürsəl Seyidov və arıçı Etibar Məmmədovun həmmüəllif olduqları kitabın elmi və təcrübi əhəmiyyətini xüsusilə qeyd edib. Vurğulanıb ki, bu gün tibb elmi inkişaf etsə də xalq təbabəti mənbələrinə hər zaman ehtiyacımız vardır. Bu istiqamətdə kitabın mahiyyətini yüksək qiymətləndirən Məftun İsmayılov həmmüəllifləri təbrik edib, gələcək elmi- pedoqoji fəaliyyətlərində uğurlar arzulayıb.
“Ümumi təbabət və klinik fənlər” kafedrasının professoru, tibb elmləri doktoru İsa Abdullayev elmi redaktoru olduğu kitab haqqında məlumat verib. Bildirilib ki, monoqrafiyada müəlliflər mövcud dərman preparatları ilə təbii müalicə vasitələri arasında müqayisəli təhlil aparıb və dəyərli arı məhsulu olan vərəmumun müalicəvi xüsusiyyətlərinə geniş nəzər salıblar. Monoqrafiyanın əsas hissəsi isə xalq təbabətinə əsaslanan arı vərəmumu tərkibli müalicəvi reseptlərə həsr olunub.
“Əczaçılıq və biokimya” kafedrasının müəllimi Solmaz Novruzova vurğulayıb ki, vərəmumun emalı, müalicəvi xüsusiyyətləri, profilaktika məqsədi ilə hazırlanan reseptlər geniş şəkildə kitabda yer alıb. Məlumat verilib ki, vərəmum əsasən bitki qaynaqlı olub, arıların ağız suyu fermentlərinin təsiri ilə formalaşan, tarixən Şərq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə edilən komponentlərdən biridir. Bu istiqamətdə bir çox müalicə üsulları kitabda öz yerini alıb. Qeyd edilib ki, monoqrafiyanın ərsəyə gəlməsində bir çox dünya müəlliflərinin kitablarından istifadə olunub.
“Farmakoqnoziya” ixtisası üzrə II kurs magistr Zülfiyyə Seyidzadə kitabın həkimlər, tibb işçiləri, rezident və tibb tələbələri, arıçılar, bioloqlar, həmçinin sağlam həyat tərzi keçirən insanlar üçün də faydalı bir vəsait olduğunu diqqətə çatdırıb.
Sonda “Tibb” fakültəsinin dekanı, biologiya üzrə fəlsəfə doktoru, dosent Elsevər Əsədov göstərilən diqqət və qayğıya görə həmmmüəlliflər adından öz minnətdarlığını bildirib.