Naxçıvan Dövlət Universitetində vətənpərvərlik mövzusunda tədbir  keçirilib

Naxçıvan Dövlət Universitetində vətənpərvərlik mövzusunda tədbir keçirilib

Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsində “Müasir dövrdə gənclərin hərbi vətənpərvərlik tərbiyəsi” mövzusunda tədbir keçirilib. Əvvəlcə sıra təliminə baxış olub. Daha sonra tədbir fakültənin akt zalında davam edib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev sıra təliminin bu cür yüksək səviyyədə təşkil edilməsinə görə öz təşəkkürünü bildirib. Rektor vurğulayıb ki, 30 ildir ki, müharibə şəraitində yaşayırıq. Son günlərdə əldə etdiyimiz nailiyyətlər, mühüm strateji əhəmiyyətli yerlərin qaytarılması Azərbaycan ordusunun nə qədər güclü olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. Xalqımız öz inamını, ümidini heç vaxt itirmir və ordumuzun güclü olmağında da böyük motivasiya rolunu oynayır. Rektor bu gün erməni murdarlarının mülki şəxslərimizə etdiklərini bütün dünyaya göstərməli olduğumuzu diqqətə çatdırıb. Ermənilərin Cənubi Qafqazda regional müharibə yaratmaq istədiyini, ancaq buna nail ola bilməyəcəkləri vurğulanıb.

Tədbirdə çıxış edən “Çağrışaqədərki hazırlıq və mülki müdafiə” kafedrasının müdiri Oktay Rzayev bildirib ki, vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan mühüm amillərdəndir. O vurğulayıb ki, vətənpərvərlik insanda lap kiçik yaşlardan aşılanmalı, gənclərimiz tariximizi yaxşı bilməli, vətənpərvər ruhda böyüməlidir.

Daha sonra Bədən tərbiyəsi və idman ixtisası üzrə IV kurs tələbəsi Hüseyn Bağırov ümummilli liderimiz Heydər Əliyevin “Vətən yalnız coğrafi ərazi deyil, harda yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının şan-şöhrəti, qeyrəti, qürur mənbəyi, əbədi səcdəgahıdır” kəlamı ilə nitqinə başlayıb.O bildirib ki, biz gənclərin bu gün öhdəliyinə çox şey düşür. Biz hər zaman vətənin müdafiəsinə hazır olmalı, düşmənə qarşı öz gücümüzü göstərməliyik.

Sonra tədbir iştirakçılarına Cəbrayıl şəhərinin və 9 kəndinin işğaldan azad edilməsi ilə bağlı video çarx nümayiş olunub.

Sonda tələbələr tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.