
Naxçıvan Dövlət Universitetində vebinar təlim keçirilib
Naxçıvan Dövlət Universitetində “Ali təhsildə təlim və tədris etikası” mövzusunda vebinar təlim keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov bildirib ki, 30 ilə yaxın müddət idi ki, işğalda olan əzəli torpaqlarımızı 44 günlük davam edən Vətən müharibəsində işğalçılardan azad etdik. Paytaxt Bakımızda bu Zəfər günü ilə bağlı keçirilən hərbi parad münasibətilə universitet kollektivi adından hər kəsi təbrik edən prorektor bu qələbəni bizə yaşadan ordumuza, Ali Baş Komandanımız cənab İlham Əliyevə öz minnətdarlığını bildirib. Prorektor qardaş ölkəmizin də bu zəfər yürüşündə dövlətimizin yanında olmağından böyük sevinc hissi keçirdiyini Qırğızıstanın Manas Universitetinin Ədəbiyyat fakültəsi Pedaqoji elmlər kafedrasının Pr.Dr. Kürşad Yılmazla söhbətində vurğulayıb. Rafiq Rəhimov qonağımızı Naxçıvan Dövlət Universiteti haqqında məlumatlandırıb.
Pr. Dr. Kürşad Yılmaz ilk öncə çıxışına Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edərək başlayıb və “Ali təhsildə təlim və tədris etikası” mövzusunda çıxışına davam edərək etik, əxlaq davranışlarından və onların fərqindən danışıb. Bildirilib ki, əxlaqi davranışlar necə davranmalı olduğumuz üçün geniş əsaslı və yazılmamış standartlar müəyyənləşdirir. Etik qaydalar isə konkret sahəyə dair aydın və yazılı qaydaları ehtiva edir. Professor təhsil proqramlarında vətəndaş yetişdirmək, şəxsiyyət inkişaf etdirmək, peşə qazanmaqda etik və əxlaqın vacib olduğunu vurğulayıb. Diqqətə çatdırılıb ki, ictimai mənbələrdən səmərəli istifadə müəllimlərdən gözlənilən vacib etik davranışdır. Bütün müəllimlər tələbələrinə qarşı hörmətlə, mehribanlıqla və həvəslə dərs keçməlidir.
Sonda vebinar iştirakçılarının sualları cavablandırılıb.