Naxçıvan Dövlət Universitetində “Vikipedia könüllüləri” layihəsi çərçivəsində I kurs magistrantlarla görüş təşkil edilib

Naxçıvan Dövlət Universitetində “Vikipedia könüllüləri” layihəsi çərçivəsində I kurs magistrantlarla görüş təşkil edilib

Naxçıvan Muxtar Respublikası Gənclər Fondu və Naxçıvan Dövlət Universitetinin birgə əməkdaşlığı ilə universitetdə “Vikipedia könüllüləri” layihəsi çərçivəsində görüş keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin  elmi katibi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məftun İsmayılov qeyd edib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bugün ölkə prezidenti İlham Əliyev tərəfindən uğurla icra olunmaqdadır. Vurğulanıb ki, muxtar respublikamızda da yaradıcılıq axtarışlarının stimullaşdırılmasına, milli ruhda tərbiyəsinə, onların sosial müdafiəsinin və məşğulluğunun təmin edilməsinə ciddi önəm verilir.

Universitetin Elm və innovasiyalar şöbəsinin müdiri Rza Məmmədov ali təhsil ocağında tələbələrin hərtərəfli inkişafı üçün müxtəlif tədbirlərin həyata keçirildiyini qeyd edib və magistrantları “Gənclər Fondu”nun layihəsi ilə bağlı daha fəal olmağa səsləyib.

Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun  bölmə müdiri Məhəmmədəli Məmmədli yeni yaradılan “Vikipediya könüllüləri” layihəsi barəsində məlumat verib. Diqqətə çatdırılıb ki, “Gənclər Fondu”nun bu günə kimi təşkil etdiyi tədbirlər, keçirilən intelektual görüşlər, oyunlar gənclərin inkişafı üçün mühüm önəm kəsb edir. Azərbaycan Respublikası ilə bağlı bu gün internet resurslarının azlığını diqqətə çatdıran Gənclər Fondunun  bölmə müdiri magistrantları bu layihədə birgə əməkdaşlığa çağırıb.

Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun aparıcı mütəxəssisi Sübhan Rəhimli slayd və videoçarxlar vasitəsilə layihənin məqsədi, gələcək fəaliyyəti haqda ətraflı məlumat verib. Qeyd edilib ki, ölkəmiz və muxtar respublikamızla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında gələcəyin mütəxəssisləri olacaq magistrlərin əməyindən istifadə olunmalıdır.

Sonda layihə üzrə könüllü tələbələr qeydiyyata alınıblar.