
Naxçıvan Dövlət Universitetində “Xalçatoxuma və keçədöymə” sənəti kurslarının yekunu keçirilib
Ali təhsil ocağının Pedaqoji fakültəsində “Xalçatoxuma və keçədöymə” sənəti kurslarının yekun tədbiri baş tutub.
Fakültənin Texnologiya mərkəzinin xalçaçılıq kabinəsində həyata keçirilən kusrların fəaliyyəti haqqında məlumat verən filologiya üzrə fəlsəfə doktoru, dosent Mətanət Quliyeva bildirib ki, burada şagirdlər və tələblərlə yanaşı evdar qadınlar da fəal iştirak edib. Xalçaçılıq və keçədöymənin Azərbaycan xalqının qədim sənətlərindən biri olduğunu diqqətə çatdıran Mətanət Quliyeva kursların keçirilməsində əsas məqsədin bu sənət növünü yaşatmaq olduğunu vurğulayıb.
Xalçatoxuma sənətinin Azərbaycan xalqı üçün əhəmiyyətindən danışan Pedaqoji fakültənin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vəli Əliyev Azərbaycan xalçalarının vətənin rəngarəng təbiətinin gözəlliyini özündə əks etdirdiyini vurğulayıb.
Bir neçə ildir ki, bu sənətlə məşğul olan fakültənin baş laborantı İnci Adilzadə xalça sənətinin Azərbaycan xalqının maddi və mədəni irsinin ən dəyərli komponentlərindən biri olduğunu diqqətə çatdırıb. Bildirilib ki, xalçaçılıq sənəti xalqın mənəvi həyatı və məişəti ilə sıx bağlı olan ən maraqlı sahələrdən biridir.
Milli dəyərlərimizin, qədim adət-ənənələrimizin daşıyıcısı olan xalça sənətinin Respublikamızda inkişafından danışan Naxçıvan Xalça və İplik ixtisası üzrə Baş Texnoloq Həcər Hümbətova, “2018-2022-ci illərdə qəbul olunan xalça sənətinin inkişafına dair dövlət proqramı”ndan sonra xalça sənətinin inkişafının daha da sürətləndiyini vurğulayıb. Bildirilib ki, xalçaçılıq və keçədöymə sənətinin inkişafına təkcə emalatxanalarda, sexlərdə, müəssisələrdə deyil eyni zamanda məktəblərdə və tədris ocaqlarında da önəm verilir.
Sonda kurs iştirakçılarına sertifikatlar təqdim olunub.
Qeyd edək ki, təşkil onunan kurslarda müdavimlər praktik olaraq iş gedişatını və oradakı alətlərlə işləməyi (qaçı, kirgit, keçə iynələri) öyrəniblər.