Naxçıvan Dövlət Universitetində xalq artisti Elşən Mansurov tələbələrə onlayn ustad dərsi keçib

Ali təhsil ocağının İncəsənət Fakültəsində “Xalq çalğı alətləri” kafedrasının təşkilatçılığı ilə Azərbaycan Respublikasının xalq artisti, dosent Elşən Mansurov tərəfindən “Rast muğamının təhlili” mövzusunda baş tutan onlayn tədbiri giriş sözü ilə universitetin Tədris şöbəsinin müdiri Şahin Əliyev açıb.  Qeyd edilib ki, universitetdə mütəmadi olaraq Musiqi Kolleci və ali təhsil ocağının tələbələri üçün respublikanın məşhur sənət adamları ilə görüşlər təşkil edilir. Şahin Əliyev diqqətə çatdırıb ki, kafedranın tərkibində fəaliyyət göstərən universitetin müəllim və tələblərindən ibarət “Buta” instrumental ansamblı ölkədə və beynəlxalq müsabiqələrdə eyni zamanda muxtar respublikanın mədəni-kütləvi tədbirlərində uğurla çıxış edir.

Xalq çalğı alətləri kafedrasının müdiri İmamqulu Əhmədov mövzu barədə məlumat verərək bildirib ki, orta əsr musiqi elmində ən birinci və bütün digər muğamların əsası rast muğamı Azərbaycan musiqisində 7 əsas məqamdan birincisi sayılır.  Bu muğam növünün incəlikləri universitetdə də tələbələrə öyrədilir.

Sonra Elşən Mansurov qonaqları salamlayaraq keçirilən görüşüşn əhəmiyyətdən bəhs edib və tədbirə görə təşəkkürünün bildirib. Sonra Xalq artisti rast muğamı və onun şöbələri haqqında məlumat verərək hər birini kamançada ifa edib.

Görüş zamanı mahir kamança ifaçısı tələbələrin suallarını ətraflı cavablandırıb.

Qeyd edək ki, Elşən Mansurov 30 dekabr 1962-ci ildə anadan olub. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını Ağacəbrayıl Abasəliyevin kamança sinfində təhsil aldığı illər ərzində respublikada keçirilən müxtəlif müsabiqələrdə laureat adına layiq görülüb. O, dünyanın bir çox yerlərində Azərbaycan muğamlarının təbliği ilə məşğul olaraq ölkəmizi AmerikaFransaAlmaniyaİngiltərəBelçika,   Danimarkaİsveçİtaliyaİran, TürkiyəRusiyada və bir çox dövlətlərdə təmsil edib.  Xalq artisti dəfələrlə beynəlxalq layihələrdə, dövlət tədbirlərində iştirak edərək uğurlu konsert proqramlarının iştirakçısı olub.

2007-ci ildə “Azərbaycan Respublikasının Əməkdar artisti”, 2020-ci ildə Azərbaycanda milli musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adına layiq görülüb.