Naxçıvan Dövlət Universitetində Xalq artisti Vasif Allahverdiyevin 60 illik yubileyi qeyd olunub

Naxçıvan Dövlət Universitetində Xalq artisti Vasif Allahverdiyevin 60 illik yubileyi qeyd olunub

Ali təhsil ocağında Xalq artisti, professor, Azərbaycan Respublikasının  Əməkdar İncəsənət xadimi Vasif Allahverdiyevin 60 illik yubiley tədbiri keçirilib. 

Universitetin rektoru Elbrus İsayev  qonaqları salamlayaraq onları ali təhsil ocağında görməkdən məmnunluq hissi ifadə edib. Bildirilib ki, Azərbaycan Milli Konservatoriyası NDU-nun İncəsənət fakültəsinə hər zaman xüsusi diqqət və dəstək göstərib. Rektor yubilyarı təbrik edərək ona yaradıcılıq uğurları arzulayıb.

Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi universitetin nəzdində Konservatoriyanın və Musiqi Kollecinin birgə fəaliyyət göstərməsini Naxçıvan musiqi mədəniyyətinə xüsusi töhfə olaraq dəyərləndirib.  

Sonra tədbirdə yubilyarın yaradıcılıq yolu haqqında Naxçıvanın Əməkdar mədəniyyət işçisi Etiqad Seyidovun çıxışı dinlənilib. Vurğulanıb ki, Vasif Allahverdiyev musiqi xəzinəmizə dəyərli əsərlər bəxş etməklə yanaşı pedaqoq kimi peşəkar Azərbaycan musiqiçilərinin yetişdirilməsində əvəzolunmaz xidmətləri var. Diqqətə çatdırılıb ki, bəstəkarın yaradıcılığının formalaşmasında onun müəllimi unudulmaz sənətkarımız İsmayıl Hacıbəyovun böyük rolu olduğunu bildirib. O, Vasif Allahverdiyevin Ulu Öndər Heydər Əliyevə həsr etdiyi “Ömür yolu” simfonik poemasının hətta Almaniyada səsləndiyini xüsusi vurğulayıb.

Eyni zamanda bu gün universitetdə qonaq olan Vasif Allahverdiyevin qardaşı  Əməkdar incəsənət xadimi, professor, bəstəkar, pianoçu və müəllim Ceyhun Allahverdiyevin də Azərbaycan bəstəkarlıq məktəbinin layiqli davamçılarından biri kimi xidmətləri önə çəkilib.

Universitetin İncəsənət fakültəsinin müəllim və tələbələrinin ifasında Vasif Allahverdiyevin əsərlərindən ibarət konsert proqramı dinlənilib. Konsertdə “Vətən torpağı” odası, “ Gözləyəcəm səni”, “Azərbaycanım” və digər əsərlər ifa edilib.

Konsert proqramından sonra Vasif Allahverdiyevin yaradıcılığına həsr olunmuş “Ömür yolu” filmi nümayiş olunub.

Qeyd edək ki, filmdə müasir dövrün musiqiçiləri ilə yanaşı, unudulmaz sənətkarlarımız Arif Məlikovun, İsmayıl Hacıbəyovun, Vasif Adıgözəlovun bəstəkar haqqında çıxışları daxil edilib. Film boyu Vasif Allahverdiyevin əsərlərindən fraqmentlər səslənib.

Sonra NDU-nun Musiqi təlimi kafedrasının müəllimi Samirə Cəfərovanın müəllifi olduğu “Bəstəkar ömrünün səhifələri” adlı kitabın təqdimatı olub.

Rektor müəllifi İncəsənət fakültəsinin Təsviri incəsənət kafedrasının müəllimi Arzu Novruzov olan rəsm əsərini yubilyara hədiyyə edib.

Sonda yubliyar Vasif Allahverdiyev çıxış edərək, yubileyin keçirilməsində əməyi keçən hər kəsə və göstərilən dəyərə görə minnətdarlığını bildirib.