Naxçıvan Dövlət Universitetində “Xarıbülbül” kuboku uğrunda intellektual bilik yarışması keçirilib

Naxçıvan Dövlət Universitetində “Xarıbülbül” kuboku uğrunda intellektual bilik yarışması keçirilib

Naxçıvan Dövlət Universitetində universitetin Tələbə Gənclər Təşkilatının rəhbərliyi ilə ali təhsil ocağının I kurs tələbələri arasında “Xarıbülbül” kuboku uğrunda intellektual yarış keçirilib. “Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, vətən torpağına, millətə sədaqət, vətən uğrunda şəhidliyə hazır olmaq hislərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir.”Ulu öndərin  müdrik kəlamıyla tədbiri giriş sözü ilə açan universitetin rektoru  Elbrus İsayev qeyd edib ki, ölkəmizdə gənc nəslin vətənpərvərlik  ruhunda yetişdirilməsi aktual məsələ kimi böyük əhəmiyyət kəsb  edir. Rektor Azərbaycan Respublikası Prezidenti, Azərbaycan Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin siyasi səriştəsi və şəhidlərimizin qanı bahasına qazandığımız tarixi qələbəmiz münasibətilə gənc nəsli təbrik edib. Vurğulanıb ki, tələbələr vətənini, xalqını sevməyi özlərinin həyat amalı seçməli və gələcək nəslə nümunə olmağı bacarmalıdır. Keçirilən bilik yarışmalarının əhəmiyyətini diqqətə çəkən rektor hər bir gənci tariximizi unutmamağa və yaşatmağa çağırıb. Rektor tələbələrə bilik yarışmasında uğurlar arzulayıb.

Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının  sədri Əziz Qasımov layihənin əhəmiyyəti, məqsədi, vəzifələri və oyunun qaydalari haqqında tədbir  iştirakçılarını məlumatlandırıb. Sonra bilik yarışına start verilib.

Qeyd edək ki, oyunda 22 komanda iştirak edib. Yarışma hər turda 12 sual olmaqla üç turdan ibarət olub. Suallar Qarabağın tarixi, mədəniyyəti, coğrafiyası və. s mövzuların əhatə edib. İntelektual oyunda İncəsənət fakültəsinin “Cəbrayıl” komandası qalib olub.  Beynəlxalq münasibətlər və hüquq fakültəsinin “Bayraktar” komandası II, həmin fakültənin “Qarabağa qayıdış” komandası isə III yeri qazanıb.

Qalib gələn komandalar kubok və medallarla mükafatlandırılıb.