
Naxçıvan Dövlət Universitetində “Yazı və xəttin həyatımızda rolu” mövzusunda seminar keçirilib
Tədbirdə çıxış edən universitetin rektoru Elbrus İsayev qeyd edib ki, hər bir şəxsin yaşadığı mühit, təbii-coğrafi şərait, ailə qayda-qanunları və. s əlyazmalarına mütləq şəkildə təsir edir. Vurğulanıb ki, xəttin vasitəsilə yazanın alicənab və aşağı təbəqə əslindən olmasını da təyin etmək olar. Rektor tələbələrin bu cür seminarlarda iştirakını vacib qiymətləndirib və seminarın işinə uğurlar arzulayıb.
“Hüquq fənləri” kafedrasının müəllimi, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin Əlyazmaların, səslərin və sənədlərin texniki ekspertizası bölməsinin böyük eksperti Emin Əliyev əlyazmaların tarixindən, inkişafından və həyatımızdakı rolundan danışıb. Əlyazma sənədlərlə işləyərkən diqqət etməli məsələlər, şəxsin psixofizioloji keyfiyyətləri ilə xətti arasında əlaqəyə diqqət yetirilib. Xəttin digər elmlərlə əlaqəli cəhətlərinə toxunan ekspert qeyd edib ki, yazı və xəttin bir sıra elm sahələri ilə əlaqəsi vardır ki, bunlardan biri də kriminalistika elmidir. Diqqətə çatdırılıb ki, kriminalistika ilə bərabər əlyazmaların tibb elmi ilə də əlaqəsi genişdir. Qeyd olunub ki, kənardan bizə sadə və asan görsənən yazı yazmaq hərəkəti əslində, insan fiziologiyasının yerinə yetirdiyi ən çətin vərdişlərdən biridir.
Sonra tələbələrin mövzu ilə əlaqədar sualları cavablandırılıb.