Naxçıvan Dövlət Universitetində “Yol hərəkətinin təhlükəsizliyi sahəsində təbliğat-təşviqat işinin təşkili” mövzusunda tədbir keçirilib

Naxçıvan Dövlət Universitetində “Yol hərəkətinin təhlükəsizliyi sahəsində təbliğat-təşviqat işinin təşkili” mövzusunda tədbir keçirilib

Ali təhsil ocağında “Naxçıvan Muxtar Respublikasında yol hərəkətinin təhlükəsizliyi sahəsində təbliğat-təşviqat işinin təşkili” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov qeyd edib ki, müasir texniki nailiyyətlərdən istifadə olunması, habelə hər bir əməkdaşın peşəkarlıq səviyyəsinin artırılması hesabına, muxtar respublikanın yol polisi öz işini günün tələblərinə uyğun aparır. Vurğulanıb ki, bu gün muxtar respublikada yol infrastrukturunun yenidən qurulması, yeni yolların, körpü və keçidlərin salınması yol polisi, həmçinin yol-patrul xidməti əməkdaşlarını daha məsuliyyətli olmağa sövq edir.            Nazirliyin Dövlət Yol Polisi İdarəsinin təbliğat üzrə baş inspektoru, polis kapitanı Ayaz İsmayılov piyada keçidlərinin qurulmasında 3D formatından istifadə edildiyini qeyd edərək  bu cür keçidlərin hərəkət iştirakçılarının avtomobil yollarında daha rahat və təhlükəsiz istifadəsinə xidmət etdiyini vurğulayıb. Nizamlanan və nizamlanmayan piyada keçidləri, işiqfordan istifadə qaydaları, yol hərəkəti qaydalarını pozmağa görə cərimələnmə məsələlərindən ətraflı məlumat verilib.  Qeyd olunub ki, inzibati xətalar məcəlləsində yol hərəkəti qaydalarının pozulmasına görə sürücülərlə yanaşı piyadaların da kifayət qədər məsuliyyəti nəzərdə tutulub.

Naxçıvan Dövlət Universitetinin Yol hərəkətinin təşkili və təhlükəsizliyi ixtisaslaşması üzrə II kurs magistrantı, Yol hərəkəti təhlükəsizliyi üzrə mütəxəssis Elşən Nəcəfov yol hərəkəti iştirakçılarının vəzifələri haqqında danışıb. Qeyd edilib ki,  muxtar respublikada yol nəqliyyat kompleksi beynəlxalq standartlar səviyyəsində qurulub. Sərnişin və piyadaların yol hərəkəti qaydalarına riayət etməsi istiqamətində maarifləndirici tədbirlərin də davam etdirildiyi diqqətə çatdırılıb.  Vurğulanıb  ki, nazirliyin təşəbbüsü ilə səsli mətnlərin elektron kartlara köçürülərək şəhərdaxili marşrutlarda səsləndirilməsi, bu tədbirlər sırasındadır. Yol hərəkəti qaydalarına əməl edilməsi, onların təbliği istiqamətində ziyalıların-xüsusən ali təhsil alan gənc nəslin üzərinə yük düşdüyünü deyən – Elşən Nəcəfov tələbələri yol hərəkəti qaydalarıyla digər vətəndaşlara nümunə olmağa çağırıb.

Sonda “Piyada və sərnişinin vəzifələri” adlı videoçarx nümayiş olunub. Tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.