Naxçıvan Dövlət Universitetində yüksək bal toplayan abituriyentlərlə görüş keçirilib

Naxçıvan Dövlət Universitetində yüksək bal toplayan abituriyentlərlə görüş keçirilib

Tədbiri giriş sözü ilə açan universitenin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rahimov şagirdləri salamlayaraq yüksək ballı şagirdlərlə bu cür görüşlərin keçirilməsinin artıq ənənə halını aldığını qeyd edib.Universitetin maddi-texniki bazası, müasir tədris üsulları haqda məlumat verən prorektor bildirib ki, klassik universitet modelinə malik Naxçıvan Dövlət Universitetində 8000-ə yaxın tələbə təhsil alır. Prorektor ali təhsil ocağında müasir dövrün tələblərinə uyğun ixtisasların üstünlüklərindən danışıb. Vurğulanıb ki, yeni yaradılan ixtisasların fəaliyyəti onu deməyə əsas verir ki, bu ixtisasları bitirən tələbələrin gələcəkdə universitetdə qurulan Texnoparkda fəaliyyət göstərmələri üçün əsaslı zəmin yaranacaq. Universitetdə ingilis dilli ixtisasların uğurla fəaliyyəti haqda məlumat verən Rafiq Rəhimov diqqətə çatdırıb ki, artıq ali təhsil ocağında ingilis dilli ixtisasların sayı artırılır. Bu da universitetin beynəlxalq aləmdə nüfuzuna öz müsbət təsirini göstərir.

Ali təhsil ocağının beynəlxalq aləmdə qazandığı uğurlar da nəzərə çatdırılıb. Bildirilib ki, ali təhsil ocağı nəinki Azərbaycanda hətta dünya universitetlərinin reytinq sıralamasında öz layiqli yerini tutmaqdadır. Diqqətə çatdırılıb ki, universitetdə 9 ölkədən 1500 nəfərdən çox xarici tələbə təhsil alır.Prorektor universitetdə IELTS qeydiyyat və imtahan mərkəzinin uğurla fəaliyyətindən danışıb. Vurğulanıb ki, artıq bir ildir ki, öz işini uğurla davam etdirən  mərkəzdə imtahanlar keçirilib və uğurla yekunlaşıb. Univesitetdə ikili diplom proqramlarının fəaliyyətindən danışan prorektor qeyd edib ki, bu proqramlar üzrə təhsil alan tələbələr həm NDU həm də xarici ölkələrlə bağlanılan müqavilələrə əsasən həmin universitetin diplomunu əldə etmə imkanına malik olurlar. Prorektor tələbələrin dərsdən kənar məşğuliyyətlərinin, dünyagörüşlərinin, sosial bacarıqlarının qiymətləndirilməsi məqsədilə ali təhsil ocağında tələbə təşkilatlarının bu sahədə aktiv bacarıqlarını qiymətləndirib. Qeyd edilib ki, tələbələr həmçinin bu məqsədlə müxtəlif könüllülük proqramlarına qoşulur, öz bacarıqlarını daha da zənginləşdirirlər.  

Sonra universitetin tanıtım çarxı nümayiş olunub.  Sonda şagirdlər fakültələri gəzib, müasir tədris üsulları ilə tanış olublar. Şagirdlərə universiet haqqında məlumatların əks olunduğu broşürlər təqdim olunub.

Leave a Reply

Your email address will not be published.