Naxçıvan Dövlət Universitetinin əməkdaşları “Ali təhsildə keyfiyyət təminatı” adlı  Beynəlxalq Forumda iştirak edib

Naxçıvan Dövlət Universitetinin əməkdaşları “Ali təhsildə keyfiyyət təminatı” adlı Beynəlxalq Forumda iştirak edib

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkilatçılığı ilə Bakıda “Ali təhsildə keyfiyyət təminatı” adlı  Beynəlxalq Forumu keçirilib.

Universitetin Tədris şöbəsinin müdiri Şahin Əliyev və Keyfiyyət Təminatı Agentliyinin məsul şəxsi Əkrəm Hüseynzadənin iştirak etdiyi  forumda ali təhsildə daxili və xarici keyfiyyət təminatı, tədqiqat potensialının inkişafı, eləcə də ali təhsil müəssisələrinin əmək bazarı ilə əlaqələndirilməsi məsələləri müzakirə olunub.

Açılış nitqi ilə çıxış edən TKTA-nın İdarə Heyətinin sədri Ülkər Səttarova Agentlik tərəfindən keyfiyyət təminatı istiqamətində görülən işlər, əldə edilən nəticələr və gələcək planlar haqqında tədbir iştirakçılarını məlumatlandırıb.

Azərbaycan Respublikası Təhsil naziri Emin Əmrullayev çıxışında Azərbaycanın təhsil məkanında “Boloniya” prosesi çərçivəsində həyata keçirilən islahatların ali təhsilin keyfiyyətinin artırılmasında öz töhfəsini verdiyini qeyd edib.

Forumda Latviyanın Ali Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (ACA / AIKA) sədri Jolanta Silka, Birləşmiş Krallığın Ali Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (QAA) direktoru Vicki Stott, Niderland Krallığı və Flandriya Akkreditasiya Təşkilatının (NVAO) direktoru Luut Kroes və Ali Təhsildə Keyfiyyət Təminatı Agentliklərinin Mərkəzi və Şərqi Avropa Şəbəkəsinin (CEENQA) vitse-prezidenti Olgun Çiçek ali təhsildə daxili və xarici keyfiyyət təminatı sisteminin Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatlara (ESG) uyğun təşkil edilməsi, ATM-lərin beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşdırılmasında xarici keyfiyyət təminatının rolu və digər bu kimi məsələlərə toxunublar.

İki gün davam edən Forumun ilk günündə panel müzakirələr zamanı keyfiyyət təminatı sahəsi üzrə Avropa və dünyanın qabaqcıl beynəlxalq təşkilatlarından olan Türkiyə Respublikasının Ali Təhsildə Keyfiyyət Təminatı Şurasının (YÖKAK) sədri, Niderland Krallığı və Flandriya Akkreditasiya Təşkilatının (NVAO) direktoru, Qazaxıstan Respublikasının Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyinin (IAAR) direktoru, Latviyanın Ali Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (ACA / AIKA) sədri tərəfindən ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşdırılmasında xarici keyfiyyət təminatının rolu, ali təhsil müəssisələrinin tədqiqat potensialının inkişafında xarici keyfiyyət təminatının rolu və digər bu kimi məsələlərə toxunulub və tədbir iştirakçılarının sualları cavablandırılıb.

Forumun ikinci günündə isə ali təhsil müəssisələrinin nümayəndələri (daxili keyfiyyət təminatı strukturunun əməkdaşları, dekan, tədris şöbələrinin müdirləri və s.) üçün beynəlxalq ekspertlər tərəfindən praktik vorkşoplar keçirilib.