Naxçıvan Dövlət Universitetinin 2020-ci ildə qarşıya qoyduğu vəzifələr müəyyənləşdirilib

Naxçıvan Dövlət Universitetinin 2020-ci ildə qarşıya qoyduğu vəzifələr müəyyənləşdirilib

Naxçıvan Dövlət Universitetində 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib. Universitetin rektoru Elbrus İsayev qeyd edib ki, Naxçıvanda Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir ki, bugün muxtar respublika sosial, iqtisadi sahədə irəliləyişə, ictimai həyatda nailiyyətlərə, müdafiə və təhlükəsizlik istiqamətində aparılan uğurlu siyasətə nail olub. Naxçıvanın bugün nəinki ölkə miqyasında, hətta dünyada belə əksər ölkələr üçün modern bir nümunə olduğunu diqqətə çatdıran rektor onu da vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamı da bu istiqamətdə ölkə universitetlərinə örnək olan bir addımdır. Sərəncam universitet qarşısında yeni vəzifələr –innovasiya layihələrinin məqsədyönlü axtarışı və reallaşdırılması, elmi nailiyyətlərin və yeni texnologiyaların sahibkarlıq strurkturlarına ötürülməsi, investorlar üçün cəlbedici ola biləcək layihələrin hazırlanması və s. kimi vəzifələr müəyyənləşdirir, irəli sürülən məqsədlər ali məktəblərin innovasiyalı inkişafın aktiv subyektlərinə çevrilməsini tələb edir. Vurğulanıb ki, muxtar respublikada aparılan təhsil strategiyasının uğurlu həllidir ki, Naxçıvan Dövlət Universiteti üçün hər il bir tədris korpusu tikilir və ya əsaslı sürətdə təmir olunaraq elmi-ictimai mühitin ixtiyarına verilir. 2019-cu ilin 14 iyun tarixində universitetin Tibb fakültəsinin qurulması və yüksək maddi-texniki baza ilə təmin olunması göstərilən qayğıya bariz nümunədir. Fakültənin maddi-texniki baza zənginliyi nəinki ölkə miqyasında, hətta xarici ölkə universitetləri ilə belə müqayisə olunur. Bu faktı universitetə səfər edən müxtəlif qonaqların rəylərində görmək olur. Bu il üçün isə Sosial idaretmə və hüquq fakültəsi üçün binanın əsaslı təmiri, müasir avadanlıqlarla təchizi, nəzəri və təcrübi dərslərin əyani keçirilməsi üçün simulyasiya otaqlarının qurulması universitetə göstərilən diqqətin birbaşa təzahürüdür. Rektor universitetin beynəlxalq əlaqələrinin yüksək inkişafından danışaraq hal-hazırda ali təhsil ocağında 10 ölkədən 800-ə yaxın tələbənin təhsil aldığını qeyd edib, əcnəbi tələbələrin sayına görə də Naxçıvan Dövlət Universitetinin ölkə universitetləri sırasında seçildiyi vurğulanıb. Məruzə ətrafında çıxışlar dinlənildikdən sonra qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində görüləcək işləri diqqətə çatdıran – rektor  ixtisaslı kadrların yetişdirilməsi, gənclərin elmi-tədqiqat işlərinə cəlbi, tədris və elmi-metodik vəsaitlərin müasir dövrün tələblərinə uyğun hazırlanması, 4+1 layihəsi çərçivəsində universitetdə tədrisin ingilis dilində aparılması üçün müvafiq ixtisasların seçilməsi, muxtar respublikanın Tibb istiqamətində kadr potensialının ödənilməsi, orta məktəblərdə nümunəvi dərslərin keçirilməsi, ustad dərslərin təşkili, müvafiq ixtisaslar üzrə təcrübi dərslərin hami təşkilatlarda keçirilməsinə diqqətin artırılması istiqamətində konkret tapşırıqlar verib, yaradılan şəraitdən səmərəli istifadənin vacibliyi vurğulanıb. Diqqətə çatdırılıb ki, qurulan bu cür imkanlar bizdən ancaq daha səylə və məsuliyyətlə çalışmaq, işimizə ciddi nizam-intizamla yanaşmağı tələb edir. Sonda universitetin professor-müəllim heyəti hesabat dövrünün ən uğurlu nəticəsi kimi qeyd olunan Tibb fakültəsinə, orada qurulan avadanlıqlara baxıb, mövcud imkanları dəyərləndiriblər.