
Naxçıvan Dövlət Universitetinin 56 illik tarixinə unudulmaz imzasını atan ən möhtəşəm Məzun günü keçirilib
Naxçıvan şəhərində, Saat Meydanı istirahət kompleksində keçirilən Məzun günü Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Universitetin “Nəfəsli alətlər” orkestrinin musiqi sədaları altında məzun keçidi baş tutub.
Tədbirdə moderator qismində çıxış edən tələbələr ali təhsil ocağının son illərdə qazandığı uğurları iştirakçıların diqqətinə çatdırdıqdan sonra ali təhsil müəssisəsinin Media mərkəzinin hazırladığı “Heydər Əliyev və Naxçıvan Dövlət Universiteti” adlı videoçarx nümayiş olunub.
2022-2023-cü tədris ilinin yekununda 1500 tələbənin məzun olduğunu deyən universitetin rektoru Elbrus İsayev təbrik çıxışı zamanı qeyd edib ki, tələbəlik illəri insan həyatında yer tutan ən önəmli dövrü təşkil edir. Həmin dövr gəncliyin xoş günlərini özündə əks etdirməklə yanaşı hər hansı bir ixtisasa, elmə, biliyə yiyələnmək, gələcəkdə ondan daim yararlanmaq baxımından tələbələrin həyatında böyük izlər qoyur. Qeyd olunub ki, universitetin də məqsədi məhz intellektual, bacarıqlı, vətənpərvər gənclər yetişdirməkdir.
Bu illər ərzində məzunların ictimai həyatda da aktiv olduğunu diqqətə çatdıran rektor bildirib ki, məzunlar təkcə auditoriyada deyil, eyni zamanda ictimai fəallıq göstərərək universitetin bütün tədbirlərində fəal iştirak ediblər. Vurğulanıb ki, tələbəlik illəri məzunların həyatında gözəl xatirə kimi hər zaman yaşayacaq. Rektor həmçinin diqqətə çatdırıb ki, bu ildən etibarən Naxçıvan Dövlət Universitetinin Buraxılış imtahanlarında dövlət qurumlarının rəhbər heyətinin də iştirakı təmin olunub ki, bu da yüksək göstəricilərlə məzun olan tələbələrin iş imkanlarına öz töhfəsini verəcək. Elbrus İsayev Məzun adını qazanan bütün tələbələri təbrik edərək, onlara gələcək həyatlarında uğurlar arzulayıb.
Sonra Pedaqoji fakültənin müəllimi Valeh Əlixanovun rəhbərliyi ilə tələbələrin hazırladığı, çətin fəndlərin ustalıqla yerinə yetirildiyi “Karate şousu” iştirakçılar tərəfindən coşğu ilə qarşılanıb.
Qeyd edək ki, Məzun gününə ali təhsil müəssisəsinin keçmiş məzunlarıda qatılıb. Vaxtilə Naxçıvan Dövlət Universitetinin məzunu olan, hazırda isə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin Sədri Asim Yadigar tədbirdə çıxış edərək qeyd edib ki, tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə gənc nəsillə bağlayır. Bildirilib ki, gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Həmçinin, dünyanın istənilən ölkəsində gənclər də sosial-iqtisadi inkişafın aparıcı qüvvələrindən biri, cəmiyyətin islahatlarını hərəkətə gətirən zümrəsi və yaşlı nəslin davamçısı hesab olunur. Məhz Naxçıvan Dövlət Universiteti də bacarıqlı gənclərin yetişdirilməsində xüsusi rol oynayır. Asim Yadigar məzunları təbrik edərək, onlara can sağlığı, bundan sonrakı fəaliyyətlərində böyük nailiyyətlər qazanmağı arzulayıb.
Mərasim zamanı universitetin məzunlarından ümümi orta müvəffəqiyyət göstəricilərinə görə fərqlənən tələbələrə plaket və hədiyyələr təqdim olunub, Jalə Cəfərova “Məzun kötüyünə” xatirə lövhəsini vurub.
Sonra mərasim İncəsənət fakütəsinin müəllim və tələbələrinin hazırladığı konsert proqramı ilə davam edib. Bədii rəhbəri Sərxan Abdullayev olan universitetin Xalq çalğı alətləri kafedrasının “Buta” instrumental ansamblı, “Abşeron fantaziyası” ansamblı, universitet tələbələrinin yeni yaratdığı ADA BAND rok musiqi qrupu, Naxçıvan Musiqi Kollecinin “Nağara qrupu”, rəqs qrupu öz ifaları və rəqs nömrələri ilə iştirakçılarda xoş əhval-ruhiyyə yaradıblar. Əcnəbi tələbələrin musiqi nömrələrinin də yer aldığı konsert proqramında Jozef Okpamenin ifası musiqisevərlərin marağına səbəb olub.
Şəhid ailələrinində iştirak etdiyi tədbirdə universitetin məzunu, həm də şəhid qardaşı Nihad Şükürlü və şəhid anası Fatma Şükürlü iştirakçılarla öz təəssüratlarını bölüşərək, məzunlara gələcək həyatlarında uğurlar arzu ediblər.
Məzun tədbiri Tibb fakültəsinin gənc həkim məzunlarının ənənəvi andiçmə mərasimi ilə davam edib.
Məzunların Papaqatma mərasimi keçirildikdən sonra xatirə şəkilləri çəkdirilib, tədbir konsert proqramı ilə davam edib.
Qeyd edək ki, Məzun günü tədbirinin ssenari müəllifi Tələbə Teatr Studiyasının rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülxarə Əhmədova, aparıcısı isə Yaqub İsayev olub.