Naxçıvan Dövlət Universitetinin Baytarlıq ixtisasının tələbələri Süni mayalanma mərkəzində təcrübə keçiblər
Ali təhsil ocağının “Baytarlıq” ixtisasının tələbələri Süni mayalanma Mərkəzində olublar.
Universitetin rektoru Elbrus İsayev bildirib ki, mərkəz tələbələrin təcrübi dərslərinin keçirilməsində mühüm baza rolunu oynamaqla yanaşı, ixtisaslı kadr hazırlığına da mühüm töhfə verir. Rektor qeyd edib ki, 12 may 2020-ci ildə Süni Mayalanma Mərkəzinin yaradılması ilə bağlı keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ali təhsil ocağı qarşısında qoyduğu vəzifələr icra olunub. Belə ki, görülən işlərin icrası çərçivəsində Türkiyənin Uludağ Universitetinin Baytarlıq fakültəsindən dəvət olunmuş professor, doktor Zekariya Nur mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün süni mayalanma tədbirlərinin əhəmiyyəti haqda danışaraq heyvanlar üzərində təcrübəni əyani sürətdə nümayiş etdirib. Həmçinin ali təhsil ocağının Qars Qafqaz Universiteti arasındakı razılaşmaya əsasən ötən il Baytarlıq fakültəsi müəllimləri Baytarlıq təbabətinin müxtəlif sahələri üzrə tələbələrə onlayn dərs keçiblər.
Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı naziri Bəhruz Bayramov diqqətə çatdırıb ki, 2020-ci il fevral ayının 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Qeyd edək ki, mərkəzin inzibati binasında tələbələr üçün auditoriya quraşdırılıb. Süni mayalanma törədicilərindən toxum alınma binasında tələbələr əyani sürətdə erkək heyvanlardan toxum alınması prosesini izləyiblər. Heyvanların yemlənməsi, suvarılması, təmizlənməsi ilə bağlı işlərlə tanış olublar.
Mərkəzin işçiləri laboratoriya ilə tanışlıq zamanı toxumun poyetlərdə dərin dondurulması, çeşidlənməsi və ekvilibrasiyası, dərin dondurulmuş dolu payetlərin qablaşdırılması və saxlanması, toxumun keyfiyyətinin yoxlanması, eyakulyatın ilkin müayinəsi və duruldulması haqqında ətraflı məlumat veriblər. Mərkəzin müdiri Yusif Qurbanov qeyd edib ki, damazlıq heyvanların cins tərkibinin yaxşılaşdırılmasında və sürətlə törəyib artmasında ən mütərəqqi zoobaytar tədbirlərdən biri də süni mayalama üsuludur. Muxtar respublikada 15 ilə yaxın bir dövrdə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması diqqətdə saxlanılıb, süni mayalanma tədbirləri həyata keçirilib. Vurğulanıb ki, həm elmi-tədqiqat və həm də tədris-təlim mərkəzi rolunu oynayan mərkəz muxtar respublikada heyvandarlığın inkişafında xüsusi rol oynayır. Diqqətə çatdırılıb ki, bu ixtisas üzrə təhsil alan tələbələrin əsas vəzifələrindən biri muxtar respublikanın rayon və kəndlərində heyvandarlığın inkişafı ilə bağlı həyata keçirilən Dövət Proqramları, damazlıq heyvandarlıq, sünü mayalanma texnikası və damazlıq uçotun aparılması ilə bağlı şəxsi və fermer təsərrüfatlarında maarifləndirici tədbirlərin aparılmasıdır.
Qeyd edək ki, mərkəzdə südlük və ətlik-südlük istiqamətində “Holştein-friz”, “Simmental”, “Qafqaz camışı”, “Balbas”, “Mazex”, “Romanov”, “Hələb”, “Saanen” və yerli cins iri və xırdabuynuzlu törədicilər saxlanılır.
Daha sonra təlim-tədris mərkəzində yeni cins buzovların alınması ilə bağlı televiziya verilişinə baxış olub.
Sonda universitetin Magistratura mərkəzinin direktoru Etibar Məmmədovun “Naxçıvan Muxtar Respublikasında camışçılığın iqtisadi əhəmiyyəti və inkişaf perspektivləri” və “Kənd təsərrüfatı heyvanlarının helmintorlarının profilaktikası” adlı kitabları mərkəzə təqdim olunub.