Naxçıvan Dövlət Universitetinin Beynəlxalq indeksli elmi bazalara daxil olan jurnallarda elmi əsərlərinin nəşri ilə fərqlənən professor-müəllim heyəti mükafatlandırılıb

Naxçıvan Dövlət Universitetinin Beynəlxalq indeksli elmi bazalara daxil olan jurnallarda elmi əsərlərinin nəşri ilə fərqlənən professor-müəllim heyəti mükafatlandırılıb

Naxçıvan Dövlət Universitetində Web of Science, Scopus və sahə indeksli bazalarda yer alan jurnallarda fəal iştirak edən əməkdaşlara bir dəfəyə məxsus olaraq əmək haqlarına mükafat əlavə olunub. Bu məqsədlə ali təhsil ocağında keçirilən tədbirdə professor-müəllim heyətinin elmi əsərlərinin, patentlərin sərgisi keçirilib. Beynəlxalq indeksli elmi bazalara daxil olan jurnallarda fəal iştirak edən müəllim heyəti ilə görüşdə giriş sözü ilə çıxış edən universitetin rektoru Elbrus İsayev qeyd edib ki, ali təhsil ocağının dünya universitetləri ilə rəqabət imkanını təmin edə biləcək madi-texniki bazası mövcuddur. Bildirilib ki, 2020-ci ildə universitetin professor-müəllim heyətindən 55 əməkdaşın 67 elmi məqaləsi beynəlxalq elm bazalarında nəşr olunub. Bu elmi məqalələrin 12-i Web of Science, 7-i Scopus, 14-ü isə sahə indekslidir. Ötən illərlə müqayisə apardıqda onu vurğulamaq yerinə düşər ki, 2020-ci ildə çap olunan elmi nəşrlər 2018-ci illə müqayisədə 6,6 dəfə, 2019-cu ilə görə isə 4 dəfə çoxdur. Bu da onu göstərir ki, universitet əməkdaşları onlar üçün yaradılan əlverişli mühitdən bəhrələnib və göstərilən diqqət və qayğını xüsusi olaraq dəyərləndirib. Rektor bildirib ki, əməkdaşların nüfuzlu jurnallarda dərc etdirdiyi məqalələrin 44 faizi ingilis, 43 faizi rus, 8 faizi isə türk dilində olub. Bu məqalələr Rusiya, İsveçrə, Hindistan, Bolqarıstan, İngiltərə, Türkiyə, Ukrayna, Estoniya, Tailand, Çin, Polşa, Xorvatiya və Azərbaycan mərkəzli jurnallarda nəşr edilib. Vurğulanıb ki, 2020-ci il universitetdə elmi-tədqiqat işlərinin yerinə yetirilməsində laboratoriyaların geniş imkanlarından da istifadə edilib. Rektor diqqətə çatdırıb ki, elmi işlər bundan sonra daha da irəliləməli və məqalə sayında kəmiyyət artımından çox keyfiyyət amilinə üstünlük verilməlidir.

Universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, hüquq üzrə fəlsəfə doktoru, dosent Seymur Talıbov universitetin beynəlxalq əlaqələrindən danışıb və əcnəbi tələbələrin artım dinamikasını muxtar respublikanın dayanıqlı inkişafı, sosial həyat şəraiti, təhlükəsizlik mühitinin bəhrəsi olaraq dəyərləndirib. Xarici universitetlərlə ikili diplom layihəsi, tələbə-müəllim mobilliyinin ali təhsil ocağının beynəlxalq əlaqələr sistemində əhəmiyyətli rol oynadığı xüsusi olaraq vurğulanıb. Prorektor ali təhsil ocağının beynəlxalq reytinqdə layiqli yer tutması üçün kollektivin birgə çalışmalarının əhəmiyyətini xüsusi olaraq qeyd edib. Yaradılan şərait, qurulan infrastruktur,  müəllimlərin elmi tədqiqat və layihələri universiteti daim irəli aparmalıdır- deyən Seymur Talıbov elmi məqalələrin dərcinə görə seçilən müəllimləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Elmi tədqiqatların əlaqələndirilməsi bölməsinin müdiri, İqtisad üzrə fəlsəfə doktoru Rza Məmmədov, Tibb fakültəsinin dekanı, biologiya üzrə fəlsəfə doktoru, dosent Elsevər Əsədov, Bələdiyyə və turizm kafedrasının müdiri, baş müəllim Flora Kərimova ziyalı mühitin formalaşması üçün universitetdə olan yaradıcı mühit üçün öz minnətdarlıqlarını bildiriblər. Çıxışlarda qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbovun “Elmdə son hədd, axırıncı tədqiqat anlayışı yoxdur. Elm davamlı inkişafdır. Bu inkişafla ayaqlaşmaq isə günün tələbidir” tövsiyyəsi bizim elmi istiqamətimiz və gələcək fəaliyyət proqramımızdır. Vurğulanıb ki, biz də yaradıcı mühit olaraq bizim üçün qurub-yaradılan şəraitdən maksimum bəhrələnməli və göstərilən diqqət və qayğıya layiq olmalıyıq.

Elmi tədqiqatların əlaqələndirilməsi bölməsinin baş elmi işçisi, “Botanika” ixtisası üzrə dissertant Aysel Heydərova muxtar respublika gənclərinin elmi yaradıcılığı üçün yaradılan şəraitə görə gənc tədqiqatçılar adından minnətdarlığını ifadə edib.

Sonda elmi məqalələrin xaricdə dərcinə görə fərqlənən müəllimlər universitet tərəfindən diplomla və plaketlə təltif ediliblər.