
Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbində ELSA Naxçıvanın təqdimatı olub
Tədbir Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə çıxış edən universitetin rektoru Elbrus İsayev qonaqları salamlayıb. Rektor qeyd edib ki, tələbələr layihənin imkanlarından faydalanacaq, hüquq sisteminin təkmilləşməsinə öz fayda və səmərəsini verəcək.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi, Naxçıvan Muxtar Respublikası Prokuroru Sənan Paşayev çıxış edərək gələcəyin hüquqşünaslarına öz dəyərli məsləhət və tövsiyyələrini çatdırıblar.
ELSA Azərbaycanın prezidenti Nərminə Hüseynzadə bildirib ki, ELSA dünyanın ən böyük hüquqşünas tələbələri təşkilatıdır. ELSA Avropanın 42 ölkəsinin, 210 universitetindən olan 35,000-dən çox hüquqşünas tələbəni və gənc hüquqşunası özündə birləşdirir. Təşkilatın yaradılmasında və hazırki fəaliyyətində əsas məqsəd Avropanın müxtəlif ölkələrindən olan gəncləri eyni təşkilatda birləşdirməklə onlar arasında mənəvi-əxlaqi inteqrasiyaya, elmi biliklərin paylaşılmasına nail olmaqdan, beynəlxalq konfranslar, təlimlər, simulyasiya məhkəməsinin keçirilməsi yolu ilə hüquqşünas tələbələrin nəzəri biliklərinin praktiki tətbiqinə şərait yaratmaqdan ibarətdir.
Nərminə Hüseynzadə ELSA Naxçıvanın əsasının qoyulmasında göstərdiyi dəstəyə görə Elbrus İsayevə öz minnətdarlığını bildirib və təşkilatın adından rektora təşəkkürnamə təqdim edilib.
ELSA Azərbaycanın və ELSA Naxçıvanın bayrağı təqdim edilib, qarşılıqlı reqlamentlərə imza atılıb. Qeyd edək ki, Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasının 8 tələbəsindən ibarət idarə heyəti təsdiq olunub.
Rəsmi hissə başa çatdıqdan sonra ELSA Naxçıvanın Prezidenti Xəyalə Məmmədova və lokal idarə heyətinin çıxışları dinlənilib.