Naxçıvan Dövlət Universitetinin çempion tələbələri mükafatlandırılıb

Naxçıvan Dövlət Universitetinin çempion tələbələri mükafatlandırılıb

Naxçıvan Dövlət Universiteti Pedaqoji fakültədə təhsil alan Avropa çempionları ilə fakültə tələbələrinin görüşünə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözüylə açan universitetin rektoru Elbrus İsayev qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2020-2025 ci illər üçün muxtar respublikada idmanın inkişafına dair Dövlət Proqramı”nın qəbul edilməsi Naxçıvanda idmanın kütləviliyinin artırılması istiqamətində mühüm addımdır. Vurğulanıb ki, ali təhsil ocağının idman bazası təmir edilərək yenidən qurulub, mini futbol meydançasının süni örtüyü yenisi ilə əvəzlənib, Pedaqoji fakültədə yerləşən idman zalı, böyük idman kompleksi  təmir edilib və idman məşğələləri lazım olan avadanlıqlarla təchiz edilib. Rektor bildirib ki, idmanın kütləviliyini artırmaq, tələbələr arasında yüksək səviyyəli yarışlarda müvəffəqiyətlə çıxış etmək və  dərəcəli idmançıların hazırlanması işini daha da yaxşılaşdırmaq məqsədi ilə idmanın maddi texniki bazasının möhkəmləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Universitetdə Bədən tərbiyəsi müəllimi və məşqçi kadrlarının hazırlanmasına da ciddi fikir verildiyini diqqətə çəkən rektor qeyd edib ki,  hər il ali təhsil ocağında 70-80 nəfər ixtisaslı kadr hazırlanır. Eyni zamanda idmanın muxtəlif növləri üzrə idman hakimlərinin hazırlanması da diqqət mərkəzindədir. Bu il futbol, voleybol, və cüdo güləşi üzrə seminarlar keçirilib və bu seminarlarda 30-a yaxın tələbə iştirak edib. Bu həftə isə basketbol idman növü üzrə də hakimlik seminarının keçirilməsi planlaşdırılıb.

“Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın inkişafı” adlı çıxışında Bədən tərbiyəsi və idman kafedrasının müdiri, Əməkdar bədən tərbiyəsi və idman xadimi Əvəz Tağıyev bildirib ki, muxtar respublikada idmanın inkişafına ciddi fikir verilir və bu sahənin inkişafını təmin etmək məqsədilə respublikanın hər yerində müasir idman strukturları yaradılır. Diqqətə çatdırılıb ki, hər il I kurs tələbələri arasında tələbələrin fiziki hazırlığını yoxlamaq və I kurs tələbələrini müxtəlif idman məşğələlərinə cəlb etmək məqsədi ilə seçmə yarışları keçirilir. Universitetdə 15 idman növü üzrə məşğələlər fəaliyyət göstərir ki, bu məşğələlərdə hər gün yüzlərlə tələbə idmanın muxtəlif növləri ilə məşğul olur.

Universitet İdman klubunun sədri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Məmmədəli Rəhimov “Naxçıvan Dövlət Universitetində idmanın inkişafı”  adlı çıxışında vurğulayıb ki, ali təhsil ocağında fiziki tərbiyə və idman sahəsinə xüsusi qayğı göstərilir. Universitetdə aparılan idman işi idmançılarımızın müxtəlif miqyaslı yarışlarda çıxışları zamanı özünü büruzə verir. Belə ki, son zamanlarda universitetin tələbələrindən Əliyev Tayfur I Avropa oyunlarında mükafata layiq III yeri tutub, Şahmatçımız Toğrul Həsənzadə və Pərviz Qasımov muxtəlif beynəlxalq turnirlərin qalibi olaraq usta normasını Sadiq Məmmədov isə fide usta normasını ödəyiblər. Karateçilərdən Sərcan Məmmədov və Aslan İsmayılov isə Avropa birinciliklərində müvəffəqiyyətlə çıxış ediblər. Sərcan Məmmədov 19 fevral 2019-cu il tarixdə İran İslam Respublikasında keçirilən Karate do üzrə beynəlxalq turnirin, 2019-cu ilin yanvar ayında Bakı şəhərində keçirilən 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirin qalibi olub. Sərbəst güləşçilərdən Ramid Yaqubov və Azər Əliyev Azərbaycan Respublikası çempionu olublar.

Qız tələbələrimiz də  Azərbaycan Respublika birinciliklərində və beynəlxalq turnirlərdə müvəffəqiyyətlə çıxışlar ediblər. Badmintonçu qızlarımız ümumi komanda hesabında dörd dəfə Azərbaycan ali məktəblərinin “Universiadası”nın qalibi olub, iki dəfə isə mükafata layiq üçüncü yeri tutublar. Universitetin tələbəsi Parisa Rüstami isə İran İslam Respublikasında keçirilən badminton üzrə beynəlxalq turnirin qalibi olub.

Uzunoba gölü sahilində keçirilən çimərlik futbolu üzrə Naxçıvan Muxtar Respublika birinciliyi yarışlarında universitet komandası bütün rəqiblərinə qalib gələrək I yerə layiq görülüb. Sahil parkında keçirilən stolustü tenis yarışlarında mükafata layiq bütün yerləri ali təhsil ocağının tələbələri tutublar.

Çempion tələbələr idmanın inkişafına göstərilən dövlət dəstəyinə görə minnətdarlıqlarını ifadə ediblər.

Sonda rektor universitetin idman imicini layiqincə qoruyan tələbələrə diplom və hədiyyə təqdim edib.