Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasında “Naxçıvan folkloru” kitabının müzakirəsi keçirilib

Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasında “Naxçıvan folkloru” kitabının müzakirəsi keçirilib

Naxçıvan Dövlət Universiteti Elmi kitabxanası və Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının birgə təşkilatçılığı ilə keçirilən tədbir Kitabxanaçılıq və informasiya fəaliyyəti ixtisası üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulub.

          Universitetin Elmi kitabxanasının müdiri Fariz Əhmədov qonaqları salamlayaraq bildirib ki, müzakirəsi keçirilən Naxçıvan folkloru kitabında bölgə folklor materialının təqdimat üsulu öz elmiliyi ilə seçilir. Tərtibçilər folklor materiallarının antoloji formatda təqdimatının mövcud təcrübələrini nəzərə almaqla yanaşı, tərtibat prosesində folklorun canlılıq, bütövlük və sistemlilik prinsiplərini vahid modeldə uzlaşdırmağa müvəffəq olublar.

Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının diektoru Ruzi Süleymanov qeyd edib ki, kitabda miflər, mif obrazları, inanclar, sınamalar, yasaqlar, əfsanələr, rəvayətlər, mərasimlər, oyunlar, pirlər, ocaqlar, yuxuyozmalar, ovsunlar, alqışlar, qarğışlar, nağıllar, xalq hikmətləri, atalar sözü və məsəllər, lətifələr, sancmalar, deyimlər, əmək nəğmələri, laylalar, oxşamalar, bayatılar, haxıştalar, ağılar, güleymələr, mahnılar, uşaq folkloru, aşıqlar və aşıq rəvayətləri, xalq təbabəti kimi başlıq-sıralanmalar heç bir halda natural-təsadüfi düzüm yox, elmi cəhətdən əsaslandırılmış, folklorun təqdimatının dialektik hərəkət və funksionallaşma dinamikasını əks etdirən sistemdir.

Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının Kompleksləşdirmə, kataloqlaşdırma və kitabişləmə şöbəsinin kitabxanaçısı Günay Hüseynova vuröulayıb ki, tarix bu kitabda tərtibçilər tərəfindən hərfi anlamından çıxarılaraq, fəlsəfi kontekstə salınıb Azərbaycan insanının Naxçıvan torpağında mifdən bugünə qədər yaratdığı və yaşatdığı tarixi gerçəkliyin ilahi-dialektik dövriyyəsinə daxil edilib.

Universitetin Rəngkarlıq ixtisası üzrə II kurs tələbəsi Aidə İbrahimova diqqətə çatdırıb ki, kitabdakı folklor nümunələri öz tərtibat-təqdimat sistemi ilə Naxçıvanda yaşayan Azərbaycan insanı ilə onun folklor obrazı arasında bir körpü qurur. Mətnlərin tematik strukturu burada yaşayan və bütün cismi, qanı, ruhu və varlığı ilə bu torpağın dünəni, bugünü və gələcəyinə bağlı olan insanın mənəviyyat dünyasının strukturunu inikas edir.

          Sonra dairəvi masa ətrafında kitabın müzakirəsi davam edib.

Leave a Reply

Your email address will not be published.