
Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasında Xalq şairi Xəlil Rza Ulutürkün 90 illik yubileyinə həsr olunan tədbir keçirilib
Tədbiri giriş sözü ilə açan ali təhsil müəssisəsinin Elmi kitabxanasının direktoru Fariz Əhmədov şairin həyat və yaradacılığından, keçdiyi çətin və keşməkeşli fəaliyyətindən danışıb. Direktor həmçinin şairin yaşadığı dövrün gətirdiyi çətinliklər, məruz qaldığı təqiblər və həbs həyatı haqqında iştirakçıları məlumatlandırıb.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Xanəli Kərimli şairin dövrün ağır tələblərinə baxmayaraq ana dilində yazdığı əsərlərini, milli ruhu, düşüncəni, dəyərlərimizi xalqımıza necə aşıladığını diqqətə çatdırıb. Xanəli Kərimli həmçinin şairin məruz qaldığı tənqidlərdən, akademiyadakı fəaliyyətindən, şəxsən özü ilə bağlı xatirələrindən söz açaraq, şairin bəzi əsərlərindən misraları səsləndirib.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Əli Həşimli Xəlil Rza Ulutürkün elmi fəaliyyətindən, Azərbaycan tərcümə sənətinə faydalarından, Ana dilinin saflığının qorunub saxlanılması uğrunda verdiyi mübarizədən, müharibə dövründə yazdığı, əsgərləri ruhlandıran əsərlərindən və müharibədən sornakı dövrdə fəaliyyətindən danışıb.
Universitetin Coğrafiya müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi Ömər Babayev Xəlil Rza Ulutürk sənətinin öyrənilməsinin və yayılmasının gənclik üçün çox vacibli olduğunu vurğulayıb.
Sonda Xəlil Rza Ulutürk şeirlərinin bədii qiraəti dinlənilib.
