
Naxçıvan Dövlət Universitetinin “ENACTUS” komandası ölkəmizin ali təhsil müəssisələri arasında keçirilən müsabiqənin qalibi olub
Azərbaycan Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Enactus Azərbaycanın təşkilatçılığı ilə “Enactus Onlayn Sahibkarlıq” müsabiqəsi keçirilib. Ölkəmizin 19 ali təhsil müəssisəsinin komandası iştirak etdiyi müsabiqə Zoom platforması vasitəsilə onlayn şəkildə baş tutub. Komandalar onlara ayrılan vaxt çərçivəsində öz layihələrini video formatda təqdim edib. Münsiflər heyətinin qərarı ilə Naxçıvan Dövlət Universiteti “ENACTUS” komandasının təqdim etdiyi layihə müsabiqənin qalibi olub. Dövlət Gömrük Komitəsinin Akademiyası II, Azərbaycan Tibb Universitetinin komandası isə III yerə layiq görülüb.
Qeyd edək ki, layihənin məqsədi sənayə müəssisələrində tullantıları nisbətən azaltmaq və bununla da hədəf auditoriyası və komanda üçün gəlir əldə olunmasını təmin etməkdir. Layihə müəllifləri belə hesab edirlər ki, bəzi hallarda sənayə müəssisələri üçün tullantı hesab olunan maddələr digər bir sahədə istifadə oluna bilən xammal ola bilər. Muxtar respublikada kifayət qədər sənayə müəssisələrinin olduğunu nəzərə alaraq bu tullantılardan səmərli istifadə etmək qərarına gələn komanda iki illik fəaliyyətləri ərzində layihəyə 480 saat vaxt sərf etməklə sənətkarlar üçün yeni iqtisadi imkanlar yaratdı. İlkin mərhələdə 70 sənətkarın cəb edildiyi mərhələdə ümumi dəyəri 6800 manat olan 4021 ədəd əl işinin satışı reallaşdırıldı.
Məlumat üçün onu da bildirək ki, fəaliyyətinin ilk ilindən başlayaraq komanda innovasiyalı təhsil proqramlarının inkişafı, azad sahibkarlıq fəaliyyətinin öyrədilməsi, sosial məqsədlərin reallaşdırılması istiqamətində tələbələrin vahid komanda kimi fəaliyyətini koordinasiya edir. Dünyanın ən qabaqcıl ali təhsil müəssisələrinin qoşulduğu ENACTUS layihələri tələbələrin həm təfəkkürünün formalaşmasına və iş dünyası ilə universitet əlaqələrinin inkişafına şərait yaradır. Tələbələrin innovativ düşüncələrinin qiymətləndirildiyi 2019-cu il 3 aprel tarixli Sərəncamı ilə təməli qoyulan “Startap Naxçıvan” hərəkatı da universitetdə peşəkar mütəxəssis hazırlığına, tələbə-gənclərdə innovativ ideyaların üzə çıxarılmasına xidmət edir. Layihələrin dəyərləndirilməsi və tətbiqi üzrə ali təhsil ocağında yeni yaradılan Texnoparkın fəaliyyəti isə yeni elmtutumlu texnologiyaların işlənməsi və tətbiqi, qlobal bazara çıxarılması, layihələrin inteqrasiyası nano üzrə ixtisaslaşdırılmış kadrların hazırlanması sahəsinə böyük töhfələr verəcəkdir.