Naxçıvan Dövlət Universitetinin gənc bəstəkarı “Nizami-Romans” respublika müsabiqə – festivalında uğurla iştirak edib
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında gənc bəstəkarlardan ibarət “Nizami-Romans” respublika müsabiqə – festivalında Naxçıvan Dövlət Universitetinin “Musiqi tənqidi” ixtisası üzrə I kurs magistrantı, gənc bəstəkar Hakim Məmmədov da iştirak edib. Həmyerlimiz müsabiqədə uğurla çıxış edərək fəxri fərmanla təltif olunub. Gənc bəstəkar dahi şair Nizami Gəncəvinin “Gözüm aydın” qəzəlinə romans bəstələyib. Universitetin müəllimi İlkin Abdullayevin ifa etdyi əsərin konsertmeysteri isə Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Nərminə Qədimova olub.
Qeyd edək ki, “Nizami Romans” Respublika müsabiqə-festivalının bədii rəhbəri SSRİ və Azərbaycanın Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli olub. Müsabiqədə gənc bəstəkarların yazdıqları yeni əsərlərin seçilməsi üçün Azərbaycanın tanınmış, görkəmli bəstəkarları və filoloqlarından ibarət münsiflər heyəti təşkil olunub. Qeyd edək ki, festivalın əsas məqsədi peşəkar musiqiçilər arasında Nizami poeziyasının tədqiqi, təhlili və təbliği, həmçinin, vokal yaradıcılığın Nizami qəzəlləri ilə zənginləşdirilməsi məqsədi daşıyıb.
Məlumat üçün onu da bildirək ki, Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsinin “Bəstəkarlıq” ixtisası üzrə Yaşar Xəlilovun sinfində bakalavr təhsili alan Hakim Məmmədov fortepiano üçün prelüdlər, pyeslər, violin və fortepiano adajio, tar və simfonik orkestr üçün konsert, xor və simfonik orkestr üçün rekviem, M.H. Şəhriyarın “Tanrım mənim” qəzəlinə səs və orkestr üçün ballada, fleyta və fortepiano üçün pyes, kamança və fortepiano üçün pyes və 20-dən çox mahnının müəllifidir. Hakim Məmmədov Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illiyinə həsr olunmuş bəstəkarlar arasında müsabiqədə III yerin sahibi olub. Əsərləri muxtar respublikada keçirilən bir çox tədbirlərdə, konsert proqramlarında səslənir.