Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasının tələbələrinin “Məhkəmə Simulyasiyası” keçirilib

Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasının tələbələrinin “Məhkəmə Simulyasiyası” keçirilib

Ali təhsil ocağının Beynəlxalq münasibətlər və hüquq fakültəsi  və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə məhkəmə simulyasiyası keçirilib.

Universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri Nicat Yaqubov Hüquqşünaslıq ixtisasında təhsil alan tələbələrin nəzəri bilikləri ilə yanaşı təcrübi bilik və bacarıqlarını təkmilləşdirmək üçün keçirilən simulyasiyanın önəmini vurğulayıb. Məhkəmə proseslərinin tələbələr tərəfindən hazırlanaraq canlandırılması, onların gələcəkdəki peşə fəaliyyətlərində də əhəmiyyətini vurğulayan Nicat Yaqubov ali təhsil müəssisəsində belə tədbirlərin davamlı keçirilməsini təqdirəlayiq hesab edib.

Beynəlxalq münasibətlər və hüquq fakültəsinin dekanı, fəlsəfə  elmləri doktoru, dosent Yusif Hüseynov çıxışında gələcəkdə yüksək ixtisaslı, savadlı kadrların hazırlanması və tələbələrin ixtisaslarını daha dərindən mənimsəmələri üçün keçirilən tədbirin mahiyyətini vurğulayıb. Dekan bildirib ki, Hüquqşünaslıq ixtisasında təhsil alan tələbələr məhkəmə prosesində olan hakim, prokuror,  vəkil, şahid, hal şahidi, təqsirləndirilən şəxs, iddiaçı, cavabdeh rollarını canlandıraraq, simulyasiyanın hazırlanmasında yaxından iştirak  ediblər.

Simulyasiyada həm cinayət, həm də mülki prosesin tələbələr tərəfindən səhnələşdiriləcəyini diqqətə çatdıran Naxçıvan Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının sədri,  Hüquq fənnləri kafedrasının  müəllimi Əziz Qasımov bildirib ki, həyata keçiriləcək məhkəmə simulyasiyasını canlandırmaq üçün tələbələr müxtəlif təlimlərə cəlb olunaraq, müvafiq hüquqi yazı qaydaları haqqında əvvəlcədən məlumatlandırılıblar.

 Sonra tələbələrin səhnələşdirdiyi 2 məhkəmə prosesi izlənilib. Cinayət işi üzrə məhkəmə prosesində tələbələr Cinayət Məcəlləsinin və Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun olaraq şərti müəyyənləşdirilən “Oğurluq işini” səhnələşdiriliblər. Prosesin sonunda hakim rolunu canlandıran gənclər məhkəmə hökmünü elan edib, ardınca mülki məhkəmə icraatı səhnələşdirlib. Bu proses də müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilib, sonda  məhkəmə qətnaməsi elan edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.