Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində ilk dəfə olaraq keramika nümunələrindən ibarət sərgi nümayiş olunub

Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində ilk dəfə olaraq keramika nümunələrindən ibarət sərgi nümayiş olunub

Sərgidə “Təsviri incəsənət müəllimliyi” və “Rəngkarlıq” ixtisası üzrə təhsil alan tələbələrin hazırladığı əl işləri nümayiş olunub.

          Tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev tələbələrin iştiraki ilə keçirilən sərgilərin xüsusi əhəmiyyətə malik olduğunu qeyd edib. Bildirilib ki, müasir dövrdə keramika sahəsinə diqqət xeyli artıb və tələbələrin bu sahəyə maraqlı olmaları sevindirici haldır. Elbrus İsayev material və formaların rəngarəngliyi, müxtəlif ornamentlərdən, parlaq rənglər və işıq parıltısından istifadə edilməsini sadə məişət ləvazimatını qiymətli bir əşyaya çevirdiyini diqqətə çatdırıb. Sərgilərin universitet rəhbərliyi tərəfindən diqqət mərkəzində saxlanıldığını və inkişafına şərait yaradıldığını qeyd edən rektor, gənc istedadlara bu istiqamətdə uğurlar arzulayıb.

          İncəsənət fakültəsinin dekanı, Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Cavid İsmayılov  muxtar respublikada  təsviri incəsənət sahəsində yaradılan imkanlardan və göstərilən qayğıdan danışıb. Diqqətə çatdırılıb ki, təşkil olunan sərgilər gənclərin bacarıqlarının inkişafında əhəmiyyətli rol oynamaqdadır. Gələcəkdə bu sahənin daha da inkişaf etməsində müəyyən işlərin görüləcəyi eyni zamanda, universitetdə keramika sənətinin inkişafı üçün  addımların atılacağı diqqətə çatdırılıb.

          Təsviri incəsənət kafedrasının müəllimi, Azərbaycanın Xalq rəssamı, professor Hüseynqulu Əliyev keramika sənətinin tarixindən söz açaraq, bu sənət növünün köklərinin qədim tarixə söykəndiyini vurğulayıb. Bu cür sərgilərinin keçirilməsinin tələbələrin gələcək fəaliyyətlərində xüsusi önəm kəsb etdiyini diqqətə çəkən Hüseynqulu Əliyev onlara uğurlar arzulayıb.

          Bu sahədə fəaliyyətini genişləndirdikdən sonra tələbələr arasında peşəyə marağın artdığını vurğulayan layihə rəhbəri, Təsviri incəsənət kafedrasının müdiri Siddiqə Hacıyeva bildirib ki, tələbələrin cəlb olunduğu yaradıcı fəaliyyətdə hazırlanan əl işləri bu sənətin inkişafına böyük töhvə olmaqla yanaşı həmçinin çox gözəl hədiyə nümunələridir.

Qeyd edək ki, Siddiqə Hacıyeva dərs prosesindən sonra emalatxana şəraitində həyata keçirilən məşğələlərdə, yeni sənət əsərlərinin ərsəyə gəlməsində yaxından iştirak edib. 

Sonra iştirakçıların böyük marağına səbəb olan sərgiyə baxış keçirilib, sərgiyə gələnlərə hər bir eksponatın simvolik mənası, sənətkarlıq dəyəri izah edilib.

40-a yaxın keramika nümunəsinin nümayiş olunduğu sərgidə keramikadan hazırlanan boşqablar və digər fiqurlar üzərində bədii boyakarlıq nümunələri öz əksini tapıb. Belə ki, qədimi boyakarlıq üslubu olan miniatürlər, Naxçıvan ərazisində yerləşən dünya əhəmiyyətli tarixi abidələr, “Naxçıvan Dövlət Universitetinin 55 illiyi”nə həsr olunan universitet binaları, qədim toy adət-ənənələrimizin əks olunduğu keramika nümunələri, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Cavid İsmayılovun rəsm əsərləri və başqa eksponatlar sərgidə nümayiş edilib.

          Sonda əl işləri nümayiş edilən tələbələrə diplomlar təqdim olunub.

Leave a Reply

Your email address will not be published.