Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisasında təhsil alan tələbələr üçün nəzəri-praktiki təlim keçirilib

Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin İctimai və siyasi məsələlər redaksiyasının redaktoru Kifayət Mahmudova Jurnalistika ixtisasının tələbələri üçün “Düzgün və səlis nitqin qaydaları” adlı təlim keçib.

Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Şirəliyeva qeyd edib ki, hamilik proqramı çərçivəsində imzalanan müvafiq sərəncamların icrası istiqamətində  keçirilən təlim gələcəyin jurnalist kadrlarının yetişməsi üçün atılan addımlardandır. Təlimçi haqqında məlumat verən Şəhla Şirəliyeva düzgün nitqin formalaşmasında bu kimi təlimlərin əhəmiyyətindən bəhs edib.

Təlimçi-jurnalist Kifayət Mahmudova düzgün tənəffüs prosesi, intonasiya, orfoepik qaydalar, nitq mədəniyyətinin nəzəri mövzularını mövcud qaydalarla yanaşı, nümunələr əsasında izah edib. Artikulyasiyada yaranan problemlərin səbəbi, cümlədə heca və məntiqi vurğunun əhəmiyyəti, orfoepiyada jurnalistlər üçün bilinməsi vacib məqamlar, nitq mədəniyyətində diqqət edilməli keyfiyyətlər təlim iştirakçılarının nəzərinə çatdırılıb.  Təlimçi eyni zamanda nitqi pozan səbəblər və bu səbəblərin aradan qaldırma yollarını videolar, qrafik mətnlər üzərində göstərərək fasilənin, sürətin, emosionallığın, həyəcanın tarazlanmasına diqqəti çəkib.

Qarşılıqlı diskusiya formasında keçən nəzəri-praktiki təlimdə iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.