
Naxçıvan Dövlət Universitetinin “Jurnalistika” ixtisasının tələbələri “Şərq qapısı” qəzeti redaksiyasında olublar
“Şərq qapısı” qəzetinin baş redaktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti, filologiya üzrə fəlsəfə doktoru Mehriban Sultan tələbələri salamlayıb, növbəti dəfə təşkil edilən hamilik tədbirinin jurnalist kadr potensialının formalaşdırılması istiqamətində görülən işlərin əməli nəticəsi kimi dəyərləndirib. Bildirilib ki, 20 ildən çoxdur ki, tədris olunan Jurnalistika ixtisası muxtar respublikada bu sahədə kadr hazırlığı istiqamətində mühüm əhəmiyyətə malikdir.
Baş redaktor Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair sərəncamlarından irəli gələn vəzifələrin icrası istiqamətində görülən işlərdən danışıb. Diqqətə çatdırılıb ki, hazırda muxtar respublikanın digər KİV-ləri kimi “Şərq qapısı” qəzeti də Jurnalistika ixtisasının tələbələrinə hamilik edir. Mütəmadi olaraq tələbələrlə görüşlər, yaradıcılıq müzakirələri keçirilir, onların məqalələri “Estafet” rubrikası altında qəzetdə dərc olunur. Növbəti görüşün də tələbələr üçün faydalı olacağına əminlik ifadə olunub. Mehriban Sultan tələbələrə qəzetdə fəaliyyət göstərən redaksiyalar, qəzet tərtibatı və materialların yığılması, korrektura proseslərini əyani sürətdə nümayiş etdirib.
Tələbələr sonra “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində olub, nəşriyyatın iş prinsipi, çap prosesi haqda ətraflı məlumat əldə ediblər.
