Naxçıvan Dövlət Universitetinin kollektivi hərbi hissədə olub
Naxçıvan Dövlət Universiteti ilə birgə dünyanın qabaqcıl əczaçılıq şirkətlərinin ən geniş idxalçısı olan AKİ PHARM MMC şirkəti adından 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə “N” saylı hərbi hissənin şəxsi heyətinə bayram sovqatı təqdim olunub.
44 günlük Vətən müharibəsindən danışan universitetin rektoru Elbrus İsayev vurğulayıb ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyəti, ordumuzun şanlı mübarizəsi 2020-ci ili tariximizə zəfər ili kimi həkk etdi və bizi bütün dünyaya qalib dövlət kimi tanıtdı. Qeyd olunub ki, Vətən müharibəsində tarixi qələbənin əldə olunmasında naxçıvanlı əsgər və zabitlər böyük şücaət və fədakarlıq nümunəsi göstərdilər. Rektor əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Dünya Azərbaycanlılarının Həmrəylik Günü haqqında danışıb. Qeyd edilib ki, bu bayram bütün dünya azərbaycanlıları tərəfindən qeyd edilir. Elbrus İsayev Azərbaycan ordusu və onun Naxçıvandakı hissələrini Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə təbrik edib. Vurğulanıb ki, belə görüşlərin keçirilməsi xalq və ordu arasındaki birliyin bariz nümunəsidir.
Sonra “N” saylı hərbi hissənin adından çıxış edən polkovnik – leytenant Ramil Ağamirov ordu quruculuğu sahəsində görülən işlərdən danışıb. Qeyd olunub ki, son illər muxtar respublikada həyata keçirilən ordu quruculuğu, hərbi hissə və birləşmələrdə yaradılan müasir şərait şəxsi heyətdə ruh yüksəkliyi yaradıb. Əsgərlərin bütün qayğıları, o cümlədən sağlamlığının qorunması daim diqqət mərkəzində saxlanılır. Ramil Ağamirov hərbi qulluqçulara göstərilən diqqət və qayğıya və heç bir bayramda unudulmadıqlarına görə minnətdarlığını bildirib.
Daha sonra sözügedən hərbi hissənin əsgərləri Zahid Hüseynov və Bəhram Allahverdiyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə əsgərlərin yad edilməsi və onlara bayram sovqatı aparılmasına görə öz minnətdarlıqlarını bildiriblər.
Sonda hərbi hissəyə gətirilən 21 adda ərzaq məhsulları əsgərlərə təqdim edilib.