
Naxçıvan Dövlət Universitetinin kollektivi “Muzey günləri” çərçivəsində Gülüstan türbəsi və Əlincə qalada olub
Əvvəlcə Gülüstan türbəsində olan kollektivə türbə haqqında məlumat verilib. Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 7 oktyabr 2015-ci ildə imzaladığı “Gülüstan türbəsinin bərpası və tədqiq olunması haqqında” Sərəncamına əsasən türbə yenidən bərpa olunub.
Bildirilib ki, XII əsrə aid orta əsr Azərbaycan memarlarının zəngin daş memarlığı təcrübəsi olan Gülüstan türbəsi Atabəylər dövründə inşa edilib. Abidənin konstruktiv quruluşu haqqında məlumat verən bələdçi vurğulayıb ki, Gülüstan türbəsi sərdabə qatı yer üstünə qaldırılan və ona görə bayır tutumu ikiqatlı quruluş alan qülləvari türbə tipinə aiddir. Qeyd olunub ki, Gülüstan türbəsi möhkəm postament üzərində qurulmuş on iki tilli qüllədən ibarətdir.
Sonra ali təhsil ocağının kollektivi “Əlincəqala” Tarix-Mədəniyyət muzeyində olublar. Bildirilib ki, Əlincə çayının sağ sahilində yerləşən tarixi memarlıq abidəsi, Naxçıvan-Marağa memarlıq məktəbinin ən qiymətli nümunələrindəndir. Vurğulanıb ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 11 fevral tarixli müvafiq sərəncamına əsasən bərpa olunub. Qeyd olunub ki, muzeyin fondunda ümumilikdə 250 eksponat vardır ki, bunlardan da 167-si muzeyin ekspozisiyasında sərgilənir.
Muzeydə yerləşən eksponatlar haqqında geniş məlumat verən muzey bələdçisi diqqətə çatdırıb ki, muzey muxtar respublika ərazisində qeydiyyata alınmış dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri sırasındadır.
Vurğulanıb ki, muzeyin ekspozisiya zalında “Əlincəqala” tarixi abidəsinin bərpadan əvvəl, bərpa zamanı və bərpadan sonrakı fotoşəkilləri, bərpa işlərinin gedişindən çəkilmiş fotoşəkillər nümayiş olunur. Muzeydə sərgilənən saxsı qab və çıraqlar, Əlincəqala ərazisindən aşkar olunmuş boyalı keramika parçaları Azərbaycanda sənətkarlıq ənənələrinin qədim dövrlərdən formalaşdığını göstərən nadir eksponatlar maraqla qarşılanıb.