Naxçıvan Dövlət Universitetinin Konservatoriyasında Azərbaycan Respublikasının əməkdar artisti Elman Əliyevin solo konserti keçirilib
Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Etiqad Seyidov Azərbaycan Respublikasının əməkdar artisti, Naxçıvan Dövlət Universiteti və Naxçıvan Musiqi Kollecinin müəllimi Elman Əliyevin həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Zəngin bədii irsi ilə birgə dəyərli sənətkarın çoxşaxəli pedaqoji fəaliyyəti də qiymətləndirilib. Sənətkar haqqında ətraflı məlumat verdikdən sonra Səid Rüstəmovun yaradıcılığından “Oxu Tar” əsərinin ifası ilə konsertə başlanılıb.
Daha sonra Fikrət Əmirovun “Sevil” operasından “Fantaziya”, “Çahargah”, “Şahnaz” muğamı, Nazim Əliverdibəyovun “Elegiya” və Səid Rüstəmovun “Tar ilə orkestr üçün konsert” əməkdar artist tərəfindən uğurla ifa olunub.
Sonda universitetin rektoru Elbrus İsayev konsertin gözəl təşkilinə görə Elman Əliyevə öz təşəkkürünü bildirib və yaradıcılıq uğurları arzulayıb.