
Naxçıvan Dövlət Universitetinin Konservatoriyasında dünyaca məşhur görkəmli bəstəkar Fikrət Əmirovun 100 illik yubileyi qeyd olunub
Görkəmli bəstəkar, tanınmış ictimai xadim, SSRİ və Azərbaycanın Xalq artisti, Dövlət mükafatları laureatı, Fikrət Əmirovun 100 illik yubileyinin keçirildiyi konsert proqramında universitetin Musiqi təlimi kafedrasının müdiri Sevinc Musayeva “Azərbaycan milli musiqi tarixinin şedevri Fikrət Əmirov” mövzusunda çıxış edib. Qeyd edilib ki, Azərbaycan klassik musiqi sənətinin görkəmli nümayəndəsi Fikrət Əmirov ötən əsrin istedadlı bəstəkarı olaraq dərin dramatizmli əsərlər yaradaraq, milli mədəniyyətimizə yeni nəfəs əlavə edib. Bildirilib ki, bu gün qürurla demək olar ki, Fikrət Əmirov musiqisi sovet hakimiyyəti illərində, ideologiyanın ciddi nəzarətdə olduğu dövrdə sərhədləri aşaraq bir çox kapitalist ölkələrində, hətta Amerikada da səslənərək məşhur dirijorların repertuarına daxil edilib.
Pedoqogika üzrə fəlsəfə doktoru Sevda Xəlilova “Fikrət Əmirovun fortepiano yaradıcılığı haqqında” adlı çıxışında diqqətə çatdırıb ki, fortepiano üçün 12 miniatür uşaq pyesləri, skripka ilə fortepiano üçün “Muğam poema”, “Sonata”, müxtəlif şairlərin sözlərinə bəstələdiyi mahnılar, romanslar və digər əsərlərdə Fikrət Əmirov ecazkar sənət dünyasını yarada bilib. Vurğulanıb ki, Fikrət Əmirov yaradıcılığının əbədiyaşarlığı da həmin gözəl melodiyaların ustalıqla musiqi dilinə çevrilməsidir.
Musiqi təlimi kafedrasının müəllimi Samirə Səfərova “Fikrət Əmirovun vokal və simfonik yaradıcılığı haqqında” tədbir iştirakçılarını məlumatlandırıb. Qeyd edilib ki, “Şur”, “Kürd-ovşarı” və “Gülüstan-Bayatı-Şiraz” simfonik muğamları bəstəkarın sevilən əsərləri sırasındadır. Bildirilib ki, Fikrət Əmirov yaradıcılığının əhəmiyyətli hissəsini vokal-instrumental əsərləri təşkil edir ki, onların da bir qismi müstəqil şəkildə yazılan mahnı və romanslar, digər qismi isə kino və dram tamaşalarına yazılan mahnılardan ibarətdir.
“Qarabağ inciləri” slaydının təqdimatından sonra İncəsənət fakültəsinin Musiqi təlimi kafedrasının Fikrət Əmirovun əsərlərindən ibarət konsert proqramı baş tutub.
Müəllim və tələbələrin fasında dahi bəstəkarın “Gülür ellər”, “Şeyx Sənan” operasından “Kor ərəbin mahnısı, “Böyük dayaq” kinofilmindən “Pərişanın mahnısı”, bundan başqa “Lirik rəqs”, “Sevgi rəqsi”, “Lay-lay” eyni zamanda “Bir gül seçdim”, “Mən səni araram”, “Reyhan”, “Odlar ölkəsi” ifaları konsert iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Universitetin rektoru Elbrus İsayev konservatoriyanın yüksək təşkilatçılığı sayəsində keçirilən konserti yüksək qiymətləndirib və konsertdə əməyi olan hər kəsə öz təşəkkürünü bildirib.