Naxçıvan Dövlət Universitetinin müəllimi Aidə Cəlilzadə beynəlxalq konfransda iştirak edib
Naxçıvan Dövlət Universiteti İngilis dili və tərcümə kafedrasının baş müəllimi Aidə Cəlilzadə Türkiyənin İstanbul şəhərində yerləşən MEF Universitetinin onlayn təşkil etdiyi IV Beynəlxalq Tələbə Konfransında iştirak edib. Konfransda fəxri qonaq qismində çıxış edən Aidə Cəlilzadə “Naxçıvan Dövlət Universitetinin müasir tədris strategiyası” mövzusunda məruzə ilə çıxış edib. Çıxışda ali təhsil ocağında müasir tədris üsulları, mövcud fakültələr, universitetin beynəlxalq əlaqələri haqda məlumat verilib. Bildirilib ki, Naxçıvan Dövlət Universitetinin apardığı beynəlxalq əməkdaşlıqda qardaş Türkiyə universitetlərinin xüsusi payı vardır.
Qeyd edək ki, bu il IV dəfədir keçirilən beynəlxalq konfransa 6 ölkə və 19 şəhərdən olmaqla professor-müəllim heyəti, doktorant, magistr və tələbələr qatılıblar. Məlumat üçün onu da bildirək ki, iki gün davam edən konfransda müəllim və tələbələrin sualları cavablandırılıb.