
Naxçıvan Dövlət Universitetinin müəllimi Aidə Cəlilzadə Strazburqda Avropa Şurası Konqresinin Cari Məsələlər Komitəsinin iclasında iştirak edib
Naxçıvan Dövlət Universitetinin “İngilis dili və tərcümə kafedrası”nın baş müəllimi, Avropa Şurasının Yerli və Regional Hakimiyyətləri Konqresində Azərbaycan nümayəndə heyətinin üzvü Aidə Cəlilzadə Cari Məsələlər Komitəsinin 28 iyun tarixli iclasında iştirak etmək üçün Fransanın Strasburq şəhərində səfərdə olub. Aidə Cəlilzadə “Böyük böhranlara yerli və regional cavablar: fövqəladə vəziyyətlərdə müdaxilələr və böhran sonrası yenidən qurma” mövzusu üzrə gedən müzakirələrdə çıxış edib. Aidə Cəlilzadə çıxışında dünyada baş verən böhranlara o cümlədən ölkəmizin 30 ilə yaxın məruz qaldığı ekoloji böhrana toxunub. Azərbaycan nümayəndə heyətinin üzvü Ermənistanın Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd olan Arazdəyən kəndində illik istehsal gücü 180 min ton olan iri metallurgiya zavodu tikilməsini Komitənin diqqətinə çatdırıb və bildirib ki, bu zavodun tikintisi beynəlxalq qanunlara ziddir. Espo Konvensiyasına əsasən, iştirakçı tərəfin öz ərazisində planlaşdırdığı iri iqtisadi fəaliyyət digər ölkələrin ərazisinə mənfi ekoloji təsir göstərirsə, bu fəaliyyət həmin ölkənin müvafiq qurumları ilə razılaşdırılmalı və ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında sənəd hazırlanmalıdır. Əlavə olaraq, Aidə Cəlilzadə Azərbaycanın Espo Konvensiyası çərçivəsində Metsamor Atom Elektrik Stansiyasının ərazisində yeni nüvə reaktorunun tikintisi planları ilə bağlı iddia qaldırmasını və Ermənistanın Konvensiyanın müddəalarına əməl etməməsi barədə qərarın qəbul edilməsini Komitə üzvlərinin diqqətinə çatdırıb. O, sonda beynəlxalq ictimaiyyətə müraciət ünvanlayaraq, bu cür qanunsuz, beynəlxalq hüquq və normalara zidd məsələləri qınamağa və lazımi tədbirlər görməyə çağırıb.
İclasın ilərləyən saatlarında “Gənclər və gənclər siyasəti ilə bağlı mövcud problemlər” mövzusunda hesabat dinlənilib. Azərbaycan nümayəndə heyətinin üzvü Aidə Cəlilzadə Azərbaycanda dövlət gənclər siyasətinin diqqət mərkəzində olan istiqamətlərdən olduğunu vurğulayıb, ölkə prezidentinin imzaladığı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər dövlət proqramı”nda gənclərin təhsil, mənzil problemləri, işlə təminatı, gənclər üçün yeni mərkəzin açılmasının prioritet məsələlər olduğunu diqqətə çatdırıb.