
Naxçıvan Dövlət universitetinin müəllimi STEAM müəllimlərinin III Beynəlxalq Konfransında iştirak edib
Naxçıvan Dövlət Universiteti Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin dosenti Zərövşən Babayeva Türkiyənin İstanbul şəhərində İbn Haldun Universitetində STEAM müəllimlərinin III Beynəlxalq Konfransında iştirak edib. “XXI əsr STEAM müəllimlərindən gözlənilənlər” mövzusu ilə çıxış edən Zərövşən Babayeva universitetin Biologiya müəllimliyi ixtisası tələbələrinin hazırladıqları ağıllı əyani vəsaitlər və digər mövzularda hazırladıqları işlər haqda məlumat verib. Təqdim edilən vəsaitlər konfrans iştirakçılarının xüsusi marağına səbəb olub.
Konfransda dünyanın müxtəlif ölkələrindən fərqli mövzularla çıxış edən fənn və mühəndislik sahəsindən olan mütəxəssislər maraqlı təqdimatlar, praktik çalışmalar və vorkşoplarla yaddaqalan işlər nümayiş etdiriblər.
Təqdimatlar içərisində təbiət elmlərinə həsr olunmuş işlər daha çox maraq doğurub. Həmçinin konfransda Bakı, Gəncə, Sumqayıt, Masallı və digər bölgələrdən orta məktəb müəllimləri, şagirdlər, müxtəlif təlimçilər də iştirak ediblər.
Qeyd edək ki, Zərövşən müəllimin yenicə çapdan çıxmış “XXI əsr bacarıqları – STEAM təhsil metodu adlı dərs vəsaiti də konfransda müzakirəyə qoyularaq qüksək qiymətləndirilib.