
Naxçıvan Dövlət Universitetinin Muzeyşünaslıq ixtisasının tələbələri Beynəlxalq Muzeylər Günü münasibətilə Əlincə qalasını ziyarət ediblər
Naxçıvan Dövlət Universitetinin Muzeyşünaslıq ixtisasının tələbələri Beynəlxalq Müzeylər Günü çərçivəsində Culfa rayonunun Xanəgah kəndində Əlincəçayın sağ sahilində yerləşən tarixi memarlıq abidəsi, Naxçıvan-Marağa memarlıq məktəbinin ən qiymətli nümunələrindən biri olan Əlincə qalasını ziyarət ediblər.
Tədbiri giriş sözü ilə açan Tarix-filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Arif Ağalarov bildirib ki, muzeylərin ictimaiyyətin həyatında, tariximizdə və mədəniyyətimizdə mühüm əhəmiyyəti var. Qeyd edilib ki, bu tədbirlərin muzeylərdə keçirilməsi bu ixtisasın daha yaxşı mənimsənilməsinə və tələbələrin peşə bacarıqlarının artırılmasına xidmət edir.
“Müzeyşünaslığın inkişaf tarixi” adlı çıxışında Müzeyşünaslıq, arxiv işi və kitabxanaçılıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Məmməd Əliyev bildirib ki, Beynəlxalq Muzeylər Günü Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə 1977-ci ildən etibarən 18 may tarixində qeyd edilir. Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında 30 muzey və 1 muzeytipli müəssisə olan Naxçıvan Dövlət Rəsm Qalereyası fəaliyyət göstərir.
Müzeyşünaslıq, arxiv işi və kitabxanaçılıq kafedrasının baş müəllimi Zenfira Seyidova Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində müzeylərin rolundan danışıb.
“Əlincəqala” Tarixi-Mədəniyyət Muzeyinin direktoru Kamal Gülmalıyev diqqətə çatdırıb ki, 2014-cü ildə bərpa edilən muzeyin fondunda ümumilikdə 250 eksponat var ki, bunlardan 167-i muzeyin ekspozisiyasında sərgilənir. Vitrinlərdə “Naxçıvan tarixi” çoxcildliyi, Naxçıvan tarixinin və mədəniyyətinin öyrənilməsi sahəsində görülən işlərə böyük töhfə olan “Naxçıvan Abidələri Ensiklopediyası” və “Naxçıvan tarixi atlası” kitabları, həmçinin Əlincəqalanın tarixi ilə bağlı yazılan kitab və məqalələr, qəzet materialları nümayiş olunur.
Sonra muzeydə olan eksponatlara baxış keçirilib.