Naxçıvan Dövlət Universitetinin növbəti qonaqları akademik Kamal Abdulla və professor Rafiq Əliyev olublar

Naxçıvan Dövlət Universitetinin növbəti qonaqları akademik Kamal Abdulla və professor Rafiq Əliyev olublar

Azərbaycan Respiblikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə ali təhsil ocağında Akademik Kamal Abdulla və AMEA-nın müxbir üzvü Rafiq Əliyevin “Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” kitabının təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev qonaqları salamlayıb, tədbirin əhəmiyyətindən danışıb. “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” kitabının həmmüəlliflərinin yaradıcılığında söz açan rektor bildirib ki, akademik Kamal Abdulla 1950-ci il dekabrın 4-də Bakıda ziyalı ailəsində dünyaya göz açıb. K.Abdulla 1968-1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin (hazırkı Bakı Dövlət Universiteti) filologiya fakültəsində təhsil alıb.

AMEA-nın müxbir üzvü prefessor Rafiq Əliyevin də həyat və yaradıcılığına nəzər salan rektor vurğulayıb ki, professor Rafiq Əliyev 1942-ci ilin fevralın 10-u Ağdamın Novruzlu kəndində anadan olub. 1958-1963-cü illərdə Azərbaycan Neft və Kimya İnstitutunda oxuyub. İnstitut təhsilini fərqlənmə diplomu ilə başa vurub. 1989-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. 1989-cu ildən 2011-ci ilə kimi Azərbaycan Dövlət Neft Akademiyasının Avtomatlaşdırılmış idarəetmə sistemləri kafedrasının müdiri olub. 1998-ci ildən indiyə kimi Azərbaycan Dövlət Neft Akademiyası və Corciya Dövlət Universitetinin MBA proqram direktoru, 2001-dən indiyə kimi isə bu universitetlərin BBA proqram direktorudur. Diqqətə çatdırılıb ki, professor Azərbaycanda, Rusiyada, Almaniyada və İranda 130-dan çox elmlər namizədi, 25 elmlər doktoru hazırlayıb. Tələbələri hazırda təkcə Azərbaycanın elm mərkəzlərində deyil, ABŞ, Almaniya, Türkiyə, Rusiya və İranda fəaliyyət göstərirlər.

Qeyd olunub ki, təqdimatı keçirilən “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” kitabı öz unikallığı və aktuallığı ilə seçilir. Kitabda müəlliflər yeni elmi yanaşma ilə çıxış edərək oxucuların diqqətini çəkməyi bacarıblar. Kitab ingilis dilinə tərcümə olunub. Türkiyə türkcəsinə çevrilməkdədir. Elbrus isayev çıxışının sonunda müəllifləri təbrik edib.

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü  Muxtar İmanov dahi alimimiz Lütfi Zadənin Qeyri-səlis məntiq nəzəriyyəsinin dünya üçün əhəmiyyətindən söhbət açıb. O, Zadə nəzəriyyəsinin geniş əhatəliliyinə toxunaraq bildirib ki, kitabı oxuyandan sonra bir daha aydın oldu ki, bu nəzəriyyənin arealı nə qədər geniş, nə qədər böyük tədqiqata açıq olan mövzudur. Kitab indiyə qədər araşdırılmış əsərlərə yenidən baxmaq imkanı yaradan bir kitabdır. Zadə nəzəriyyəsinin bütün rənglərə açıq olması kitabı oxuyarkən bir daha bəlli olur. Kitabda “Dədə Qorqud”  boylarında verilən hadisələrə maraqlı baxış ortaya qoyulub və nəzəriyyə ilə güclü əlaqələndirmə aparılıb. Hadisələrə qeyri-səlis məntiqlə yanaşanda məlum olur ki, ən ideal qəhrəmanlar, hətta Tanrı obrazının özündə də müəyyən cizgilər olmaq şərtilə yuxarıdan aşağıya, orta dünyaya doğru istiqamət var.

Azərbaycan Dövlət Pedaqoji  Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanov kitabı məzmun və mahiyyətinə görə qiymətli iş hesab edərək bildirib ki, bu, hələ başlanğıcdır və əsər daha böyük tədqiqatların davam etməsinə yol açacaq. 

Tədbirdə Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov, Naxçıvan. Universitetinin rektoru Anar Kazımov, “Azərbaycan dili və ədəbiyyatı” kafedrasının dosenti,  filologiya üzrə fəlsəfə doktoru Əli Həşimov, “Jurnalistika və xarici ölkələr ədəbiyyatı” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Məmmədova çıxış edərək yeni nəşrin məziyyətlərindən danışaraq, kitabı uğurlu  həmmüəllif işi kimi dəyərləndiriblər.         

Kitabın həmmüəlifi, AMEA-nın müxbir üzvü Rafiq Əliyev çıxış edərək Zadəni Nuyutonla, Eynşteynlə müqayisə edərək, onun dahi alim olduğunu vurğulamış və Kamal Abdulla ilə ərsəyə gətirdiyi bu kitabda da həmin nəzəriyyənin nə qədər heyrətamiz olması göstərilib. R.Əliyev kitabın ideya müəllifinin yazıçı Kamal Abdullanın olduğunu vurğulayaraq bildirib ki, Lütfi Zadənin məntiq nəzəriyyəsindən də bəhrələnməklə ərsəyə gələn bu əsərdə qeyri-səlis məntiq nəzəriyyəsində söylənilən dörd sütun – ümumi məntiq sütunu, qeyri-səlis çoxluqlar sütunu, epistemik (epistemoloji) sütun və münasibətlər sütunu haqqında yazılıb.

Sonra kitabın digər həmmüəllifi, Xalq yazıçısı, AMEA-nın həqiqi üzvü Kamal Abdulla qeyd edib ki, ideyanın təşəkkül tapması Rafiq Əliyevlə ümumi söhbətlərin nəticəsidir. Bu kibernetiklərlə filoloqların möhtəşəm görüşüdür. Bu söhbətlərin nəticəsində Dədə Qorqud, digər isə Lütfi-Zadənin Qeyri-Səlis Məntiqi olmaqla iki möhtəşəmlik bir-birinə yaxınlaşıb. Akademikin bildirdiyinə görə, Qeyri-səlis məntiqlə “Dədə Qorqud”-a yanaşma dastana sanki yeni bir ruh verib. Biz araşdırdıqca gördük ki, Dədə-Qorqud mövzusu heç zaman tükənməyəcək.  Dastanın mətni göstərir ki, qeyri-səlis məntiqin aparıcı ideoloji prinsipi olan seçim imkanı və demokratik yanaşma tərzi, başqa sözlə desək, tolerantlıq xalqımıza qədim zamanlardan bəri xas olan əbədi bir dəyərdir. Həmmüəlliflər təşkil olunan kitab təqdimatı mərasiminə və dəvətə görə öz təşəkkürünü bildiriblər.

Qeyd edək ki, təqdimatdan sonra AMEA-nın müxbir üzvü Rafiq Əliyev və AMEA-nın həqiqi üzvü Kamal Abdulla tələbələrlə görüşüb. Görüşdə elm adamları həyat və yaradıcılıq yolundan, elmi əsərlərinin yazılma tarixindən, unudulmaz xatirələrindən söz açıblar. Gənclərin əhatəsində olmağın onlarda həmişə xoş təəssürat yaratdığını bildiriblər. Səmimi şəraitdə keçən görüş iştirakçılarda xoş əhval yaradıb, müəllim və tələbələrin sualları cavablandırlıb.

Sonda Naxçıvan Dövlət Universiteti adından qonaqlara xatirə plaketi təqdim olunub.

Məlumat üçün onu da bildirək ki, Azərbaycan Dillər Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlıq müqaviləsi də imzalanıb

Müqavilədə təhsil prosesinin beynəlxalq standartlara uyğunlaşdırılması və inkişaf etdirilməsi, birgə elmi tədqiqatlar aparmaq, layihələr həyata keçirmək, təhsilin bütün sahələrində elmi mövzular haqda məqalələr yazmaq, elmi-tədqiqat məlumatlarının və texniki materialların mübadiləsini həyata keçirmək, akademik, müəllim və tələbə mübadiləsi həyata keçirmək, konqres, konfrans, simpozium, seminar və. s kimi birgə elmi yığıncaqlar təşkil etmək, prioritet innovativ layihələri birgə işləyib hazırlamaq və yaradılmış innovativ texnologiyaların və məhsulların tətbiqi üçün şərait yaratmaq məsələləri əks olunub.

Leave a Reply

Your email address will not be published.