Naxçıvan Dövlət Universitetinin nümayəndə heyəti Avrasiya Ali Tehsil Sammiti EURIE 2022-nin rəsmi açılışında iştirak ediblərNaxçıvan Dövlət Universitetinin nümayəndə heyəti Avrasiya Ali Tehsil Sammiti EURIE 2022-nin rəsmi açılışında iştirak ediblər

Naxçıvan Dövlət Universitetinin nümayəndə heyəti Türkiyənin İstanbul Aydın Universitetində hibrid formatda 7-ci Avrasiya Ali Tehsil Sammiti EURIE 2022-nin rəsmi açılışında iştirak ediblər. Naxçıvan Dövlət Universiteti Elm və innovasiyalar bölməsinin müdiri Rza Məmmədov, Beynəlxalq əlaqələr bölməsinin müdiri İlahə Hüseynova, Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri Şəhla Şirəliyevanın qatıldığı sammitdə 50-dən çox ölkədən 1550-dən çox nümayəndə heyəti iştirak edib.

EURIE 2022-nin açılış mərasimində çıxış edən Avrasiya Universitetlər Birliyinin prezidenti Mustafa Aydın tədbirə həm canlı həm də onlayn olaraq qoşulan rəsmi nümayəndələri salamlayaraq sammitin əhəmiyyətindən danışıb. Tədbirin rəsmi açılışından sonra tədbir bölmə iclasları ilə davam edib.

Sammitin ikinci günündə tədbir Mərmərə Universitetində davam edib. Tədbirdə universitetin tanıtım çarxı nümayiş olunub. Mərmərə Universitetinin Beynəlxalq Əlaqələr və Akademik işbirliyi ofisinin baş direktoru professor Nuri Tınaz qonaqları salamlayaraq universitetin beynəlxalq əlaqələri və akademik əməkdaşlıq haqda ətraflı məlumat verib. Sonra Amerika, İngiltərə, Əfqanıstan, Pakistan, Özbəkistan, Rumıniya, Misir və s. dünyanın müxtəlif ölkələrindən sammitdə iştirak edən universitet əməkdaşları təmsil etdikləri universitet haqqında qısa məlumat veriblər. Universitetimizin Beynəlxalq əlaqələr bölməsinin müdiri İlahə Hüseynova da Naxçıvan Dövlət Universitetinin keçdiyi tarixi inkişaf yolu və beynəlxalq əməkdaşlıqda qazandığı uğurları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Universitetlərin tanıdılması, həmçinin gələcək əməkdaşlıqların qurulması baxımından çox səmərəli olan sammit bölmə iclasları ilə öz işinə davam edib. Bölmələrdə Qırğızıstanın Mərkəzi Asiyanın American Universitetinin əməkdaşları Bermet Tursunkulova “Qaçqınların ali təhsilə çıxışı”, Ulukbek Visid “Əfqan (qaçqın) tələbələr üçün xüsusi mentorluq proqramı”, İstanbul Universitetindən Hakan Ergin “Suriyalı qaçqınların Türkiyə Ali Təhsilinə inteqrasiyasına baxış” mövzularında çıxış ediblər.

Qeyd edək ki, EURIE 2016-cı ildən təşkil edilən illik beynəlxalq ali təhsil konfransı və sərgisidir. EURIE sərgisi müxtəlif ölkələrdən və regionlardan gələn iştirakçı ali təhsil müəssisələri və ali təhsildə digər maraqlı tərəflər üçün böyük şəbəkələşmə, akademik tərəfdaşlıq və biznesin inkişafı imkanlarını təklif edir. EURIE-nin zəngin konfrans proqramı bu sahədə tanınmış mütəxəssislərin iştirakı ali təhsilin idarə edilməsində əsas mövzulara toxunur. EURIE-də yüksək səviyyəli akademik rəhbərlik, Beynəlxalq Ofis direktorları və universitetlərin əməkdaşları və sektorun digər maraqlı tərəfləri, məsələn, beynəlxalq marketinq xidməti təminatçıları, xaricdə təhsil üzrə məsləhətçilər və dövlət ali təhsil orqanları iştirak edirlər.

Məlumat üçün onu da bildirək ki, 3 gün davam edəcək sammitin proqramına panel sessiyaları, dəyirmi masalar, tanınmış təhsil nümayəndələri ilə görüşlər, tematikseminarlar, elə də təhsil sərgisi daxildir.