
Naxçıvan Dövlət Universitetinin professor-müəllim heyəti məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərinin sərgi-satışında iştirak ediblər
Naxçıvan Dövlət Universitetinin professor-müəllim heyəti Naxçıvan şəhər Heydər Əliyev Sarayında məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərinin sərgi-satışında iştirak ediblər. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova sərgi haqda məlumat verərək qeyd edib ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün uğurla həyata keçirilən dövlət qadın siyasəti muxtar respublikada da layiqli şəkildə icra olunur. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar Komitə tərəfindən aztəminatlı ailənin üzvü və sağlamlıq imkanları məhdud olan qadınların peşə kurslarına cəlb olunması üçün müvafiq tədbirlər görülür. Artıq 5 ildən artıqdır ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun İş Planına əsasən məhdud imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışı təşkil olunur. Belə sərgi-satışların təşkil edilməsində məqsəd qadınların istedad və bacarıqlarını üzə çıxarmaq, ailə dəyərlərimizi, çoxəsrlik adət-ənənələrimizi gənclərə aşılamaqla, keçmişdən bu günümüzə gələn nəsildən-nəsilə ötürdüyümüz milli dəyərlərimizi əl işlərimizə köçürüb yaşatmaqdır. Diqqətə çatdırılıb ki, sərgi-satışda rayon (şəhər) icra hakimiyyətlərinin təşkilatçılığı ilə istedadlı qadınlarımızın, o cümlədən kəndlərimizdə yaşayan evdar qadınlarımızın, həmçinin Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq, Texniki Yaradıcılıq mərkəzlərinin dərnək rəhbərləri və üzvlərinin, məktəb və məktəbəqədər müəssisələrin, orta ixtisas və ali təhsil müəssisələrinin, Naxçıvan Biznes Mərkəzinin emalatxanasında çalışan qadınlar və rəssamların, məhkum qadınların, eləcə də sərmayə kapitalı verilən qadınların da əl işləri sərgilənir. Vurğulanıb ki, bugünkü sərgi-satışda sərmayə kapitalı verilən 26 qadının əl işi sərgilənir.
Qeyd edək ki, sərgi-satışa Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 424 qadının 6488 əl işi, 6 əlil kişinin 25 əl işi, ümumilikdə 430 şəxsin 6508 sayda əl işi cəlb olunub. Toplanılan əl işləri arasında, 2395 muncuqla iş, 1547 dekorativ iş, 1727 toxuma, 379 tikmə, 134 dekortiv tablo, 48 tikmə tablo, 6 vitraj, 142 yağlı boya, 35 sulu boya, 20 toxuma tablo, 44 xalça, 3 ağac üzərində yandırma, 13 taxta üzərində oyma, 9 mis üzərində döymə, 2 ebru, 3 hyperrealizm və 1 miniatür vardır.
Sərgi-satışa Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə 95 müəllifin 1000-ə yaxın əl işləri ilə qatılıb. Sərgi-satışda sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar və böyüklərin, əlilliyi olan şəxslərin və ahıl vətəndaşların əsərləri nümayiş olunub.
Naxçıvan Dövlət Universiteti “Texnologiya Mərkəzi” 76 müəllim və tələbəylə birgə 210 əsərlə sərgi-satışda uğurla təmsil olunub. Toxuma, tikmə, xalçaçılıq, dekorativ tətbiqi sənət nümunlərinin sərgiləndiyi əsərlər yüksək qiymətləndirilib.
Naxçıvan Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, hüquq üzrə fəlsəfə doktoru Seymur Talıbov qeyd edib ki, muxtar respublikada yaradılan mədəni mühit və münbit şərait qadınların zəngin potensialının üzə çıxarılması və dəyərləndirilməsi üçün əlverişli zəmin yaradır. Bu cür tədbirlərin təşkili qadınların cəmiyyətdə layiqli yer tutmaları və çəkdikləri zəhmətin dəyərləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Prorektor sərgidə nümayiş olunan əsərləri yüksək qiymətləndirib və yaradıcı qadınlara uğurlar arzulayıb.
Könüllü kimi fəaliyyət göstərən Aytac Əliyeva da yaradılan şərait üçün öz minnətdarlığını ifadə edib.
Məlumat üçün onu da bildirək ki, sərgi-satış 10 gün davam edəcək.