
Naxçıvan Dövlət Universitetinin professoru Daşqın Qənbərovun dissertantları ilə birgə yazdığı elmi məqalələri yüksək impafaktorlu jurnalda dərc olunub
Naxçıvan Dövlət Universiteti Biologiya kafedrasının müdiri, Biologiya elmləri doktoru, professor Daşqın Qənbərovun dissertantı, universitetin Elmi Tədqiqatların Əlaqələndirilməsi Bölməsinin Baş Elmi İşçisi Aysel Heydərova ilə birgə yazdığı “Naxçıvan Muxtar Respublikası ərazisinin Darıdağ florasının taksanomik spektri” adlı elmi məqaləsi yüksək impafaktorlu “Beynəlxalq Botanika Araşdırmaları Jurnalı” (International Journal of Botany Studies) adlı jurnalda nəşr olunub.
Məqalədə Darıdağ massivinə daxil olan fəsilələrin müəyyən edilməsi, fəsilələrə aid olan cins və növlərin müqayisəli təhlili, taksonomik spektrınin tərtib olunması haqqında məlumat verilir. Qeyd edilir ki, ərazinin bitki örtüyünü əsasən kserofit bitkilər təşkil edir. Darıdağ ərazisinin florası 46 fəsiləyə, 167 cinsə daxil olan 277 növ bitkidən ibarətdir. Bu da Qafqaz florasının 3,69%-ni, Azərbaycan florasının 5,54%-ni, Naxçıvan Muxtar Respublikası florasının isə 9,14%-ni təşkil edir. Məqalədə o da bildirilir ki, ərazi florasında cins sayına görə birinci yeri Kələmkimilər fəsiləsi (Brassicaceae Burnett) – 26 cins, növ sayına görə isə birinci yeri Asterkimilər fəsiləsi (Asteraceae Dumort) – 44 növlə təşkil edir.
Professor digər “Naxçıvan Muxtar Respublikası florasında yayılan Rosaceae fəsiləsinin oduncaqlı növlərinin ekoloji qrupları” adlı elmi məqaləsini dissertantı Səfurə Babayeva ilə birgə qələmə alıb və elmi məqalə həmin jurnalda dərc olunub.
Məqalədə Naxçıvan MR florasında yayilan Rosaceae fəsiləsinin oduncaqlı növlərinin ekoloji qrupları haqqında məlumat verilir. Tədqiq olunan ərazidə Gülçiçəklikimilər fəsiləsinin oduncaqlı növlərinin ekoloji qruplar üzrə paylanması Şennikovun təsnifat sisteminə əsasən aparılıb. Müəyyən edilib ki, mezofitlər 43 (47%), mezokserofitlər 23 (25%), kseromezofitlər 8 (9 %), kserofitlər isə 17 növ olmaqla ümumi Gülçiçəklikimilər fəsiləsinin oduncaqlı növlərinin 19% -ni təşkil edirlər.